İsrail və Türkiyə Bakıda razılığa gələ bilmədi

İsrail və Türkiyə Bakıda keçirilən danışıqlar zamanı Suriyada aralarında yaranan gərginliyin qarşısını almaq üçün razılığa gələ bilməyib. Bu barədə İsrailin dövlət teleradio şirkəti "Kan" məlumat yayıb.
"Kan"ın məlumatına görə, İsrail və Türkiyə tərəflərinin Suriyada münaqişələrin qarşısını almaq mexanizmi yaratmaq üçün apardıqları danışıqlar bu il 12-19 aprel tarixlərinə təsadüf edən yəhudi Pasxa bayramından sonra davam etdiriləcək.
Bundan əlavə, Kan bildirir ki, Ankara İsrail nümayəndə heyətini Azərbaycana aparan İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Türkiyə hava məkanından keçməsinə icazə verməyib. Nəticədə təyyarə Türkiyəni Qara dəniz üzərindən qərbdən yan keçərək uçmalı olub.
Aprelin 10-da İsrailin Baş naziri Benyamin Netanyahunun kansleri Azərbaycanda Türkiyə nümayəndələri ilə birbaşa danışıqların keçirildiyini təsdiqləyib. İsrail tərəfi görüşü təşkil etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Baş nazirin kansleriyası bildirib ki, görüş zamanı tərəflər “regiondakı maraqlarını ifadə ediblər” və “regional sabitliyin qorunması üçün dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”.
Aprelin 8-də Netanyahu iki ay ərzində Vaşinqtona ikinci səfərinin yekunlarını şərh edərkən, İsrailin Suriyada Türkiyə hərbi bazalarının yaranmasına qarşı çıxacağını bəyan edib. Eyni zamanda, o, ABŞ Prezidenti Donald Trampın Türkiyə və İsrail arasındakı mübahisələrin həllində vasitəçi ola biləcəyini istisna etməyib.
Öz növbəsində, Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 9-da bildirib ki, Ankara Suriya ərazisində, o cümlədən İsraillə heç kiminlə münaqişəyə girmək niyyətində deyil. Bununla belə, o, İsrail Hərbi Hava Qüvvələrinin Suriyada müxtəlif hərbi obyektlərə daimi zərbələr endirməsini qəbuledilməz adlandırıb.