Bu gün

Paşinyan-kilsə qarşıdurması yeni fazada - ŞƏRH

Ermənistanda uzun müddətdir Baş nazir Nikol Paşinyanla apostol kilsəsi arasında münasibətlər gərgin olaraq qalır. Hökumət və hakim partiya hər vəchlə kilsənin səlahiyyətlərini məhdudlaşdırmaq, xalq üzərindəki təsirini minimuma endirməyə çalışır. Bu, Paşinyan hökumətinə 2026-cı ildə keçiriləcək parlament seçkiləri üçün hava və su kimi vacibdir. Uzun illər sadə erməni vətəndaşı üzərində ciddi təsirə malik olan apostol kilsəsi təbii ki, xarici faktorların diqtəsi ilə Ermənistanda keçiriləcək seçkilərdə həlledici sözə sahib ola bilər. Bu səbəbdən də Baş nazirin yenidən hərəkətə keçərək kilsə ilə haqq-hesab çürütdüyünü söyləmək olar. Elə dünən Ermənistanı bürüyən həbslər dalğası da bu fikri qüvvətləndirir.

Oktyabrın 15-də səhər saatlarında Ermənistan İstintaq Komitəsinin və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Erməni Apostol Kilsəsinin Araqatsotn Yeparxiyasının başçısı, yepiskop Mkrtiçın (dünyəvi adı Ayk Proşyan) evinə, habelə onun iqamətgahına, eyni yeparxiyadan olan digər keşişlərin evlərinə daxil olaraq onları aparıblar. Ümumilikdə, Yeparxiyanın 13 ruhanisi, o cümlədən rəhbəri yepiskop Mkrtıç saxlanılıb. Keşişlərin bir qismi İstintaq Komitəsinin Yerevan şöbəsindədir, lakin vəkillərini onların yanına buraxmırlar. Araqatsotn Yeparxiyasının başçısının hara aparıldığı vəkillərə məlum deyil. Din xadimləri insanları qanunsuz toplantılarda iştirak etməyə məcbur etməkdə, həmçinin seçkilərin nəticələrinə qanunsuz təsir göstərməkdə ittiham olunurlar.

Maraqlıdır ki, Nikolun məhz bir sıra xarici səfərlərindən sonra İrəvana qayıtması ilə həbslər dalğasına start verilib. Ehtimal etmək olar ki, erməni Baş nazir xarici səfərlərində müəyyən dairələrlə məsləhətləşib Qərbdəki kulislərdən icazə aldıqdan sonra bu addımı atıb. Eyni zamanda, nəzərə almaq lazımdır ki, erməni siyasi elitası Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, regiondakı kommunikasiyaların açılmasına can atır. Son dövrlər bu meyl getdikcə artır. Amma erməni kilsəsi həm ölkədə revanşizmi dəstəkləyir, həm də bütün resurslarını işə salaraq, sülh prosesini ləngitməyə çalışır. Bu səbəbdən də hakim partiya daxili stabilliyi bərpa etmək, sülhə gedən yoldakı əngəlləri aşmaq üçün kilsəyə qarşı yenidən cəbhə açıb. Paşinyan bundan əvvəl kilsəyə nəzarəti ələ keçirmək, keşişləri müstəqil şəkildə təyin etmək, onun rəhbərliyini dəyişmək və dövlət tərəfindən təyin olunan şəxsləri əsas vəzifələrə təyin etmək niyyətində olduğunu bildirib. Bununla da hökumət və dövlətçilik qarşısında ən böyük əngəllərdən birini tərksilah etmək, özünə tabe etmək niyyətini ortaya qoyub. Ehtimal etmək olar ki, həbslər dalğası yaxın vaxtlarda yenidən güclənəcək və II Qareginə yaxın şəxslər, hakimiyyəti devirmək üçün planlar quran keşişlər həbs ediləcək. Amma işin digər tərəfi də var ki, kilsəyə qarşı belə açıq qarşıdurma təhlükəli vəziyyətə də səbəb ola bilər. Məhz müxalifət də bu qarışıqlıqdan istifadə edərək, hakimiyyətə qarşı küçə mübarizəsinə start verə bilər. Hər halda, hadisələrin gedişatı göstərir ki, Nikol Paşinyan fikrində qətidir və II Qareginlə ətrafını bağışlamaq niyyətində deyil.

Hikmət Həsənov

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?