Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu ləğv etdi

Böyük Britaniya hökuməti Azərbaycan və Ermənistana qarşı tətbiq olunan silah embarqosunu ləğv edib.
Təhlil.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Avropa və Şimali Amerika İşləri üzrə dövlət naziri Stiven Douati parlamentə təqdim etdiyi yazılı bəyanatda açıqlayıb.
Nazir bildirib ki, ATƏT tərəfindən 1992-ci ildə tətbiq olunan silah embarqosu artıq aktuallığını itirib. Yeni qərarla London Azərbaycan və Ermənistanla strateji tərəfdaşlıq səviyyəsinə keçərək, bu məhdudiyyətləri tamamilə aradan qaldırıb.
Bəyanatda vurğulanır ki, bu addım ABŞ-ın Vaşinqton şəhərində keçirilən və Prezident Donald Tramp, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın iştirak etdiyi üçtərəfli sammitin nəticələrinə uyğun olaraq atılıb. Həmçinin qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti dayandırılıb.
Yeni siyasətin əsas məqsədləri sülh və sabitliyin möhkəmləndirilməsi, ölkələrin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi, eləcə də regionda hibrid təhdidlərə qarşı dayanıqlığın artırılması kimi göstərilib.
Qeyd olunur ki, silah ixracı bundan sonra yalnız fərdi lisenziyalar əsasında və ciddi nəzarət mexanizmləri çərçivəsində həyata keçiriləcək.
Böyük Britaniya bölgədə vəziyyəti yaxından izləməyə davam edəcək və Avropa İttifaqı, ABŞ və digər tərəfdaşlarla birlikdə uzunmüddətli sülhün bərqərar olması istiqamətində əməkdaşlığa hazır olduğunu bəyan edib.