İran Trampın Knessetdəki anti-İran bəyanatlarını pislədi

İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın oktyabrın 13-də İsrail parlamenti Knessetdə səsləndirdiyi anti-İran bəyanatlarını kəskin şəkildə pisləyib.
Təhlil.az xəbər verir ki, İran tərəfi yayımladığı bəyanatda Trampın çıxışını “əsassız və biabırçı” adlandırıb. Sənəddə qeyd olunur ki, ABŞ “qlobal terrorizmin əsas mənbəyi və sionist rejimin himayədarı” olaraq, digər ölkələri ittiham etməyə mənəvi haqqı olmayan bir dövlətdir.
İran XİN həmçinin 2020-ci ildə ABŞ tərəfindən qətlə yetirilən SEPAH-ın “Qüds” xüsusi təyinatlı qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin xatirəsini ehtiramla yad etdiyini vurğulayıb. Qurum bildirib ki, Süleymani İŞİD terror təşkilatına qarşı mübarizədə mühüm rol oynamış və ABŞ-ın bu hərəkəti heç vaxt unudulmayacaq.
Tehran bəyan edib ki, ABŞ-ın regional işlərə müdaxiləsi və Yaxın Şərq ölkələrinə silah satışını davam etdirməsi Vaşinqtonu bölgədə “ən böyük qeyri-sabitlik amili”nə çevirib.