Misirdə keçiriləcək Yaxın Şərq Sülh Sammitinin iştirakçıları açıqlanıb

Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammitində dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcək.
Təhlil.az xəbər verir ki, bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb.
Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Misir Prezidenti Abdel Fattah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Fələstin lideri Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edəcəklər.
Bundan əlavə, Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin sammitdə baş nazirlər səviyyəsində iştirakı gözlənilir.
Tədbirə həmçinin Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi, BMT baş katibi Antoniu Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antoniu Koşta, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvay də qatılacaq.
Misir hakimiyyəti daha əvvəl bildirmişdi ki, sammit Misir Prezidenti Abdel Fattah əs-Sisi və ABŞ lideri Donald Trampın həmsədrliyi ilə keçiriləcək və tədbirdə 20-dən çox ölkənin lideri iştirak edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə aparılan danışıqlar zamanı İsrail və HƏMAS arasında Qəzzada atəşkəs planının birinci mərhələsinin təsdiqləndiyini açıqlayıb. Müqavilə Misirdə imzalanıb və İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da səhər saatlarında qüvvəyə minib.