Ursula fon der Lyayen İsrail–HƏMAS razılaşmasını alqışladı: Əzablara son qoyulmalıdır

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında əldə edilən atəşkəs və girovların azad olunmasına dair razılaşmanı müsbət qiymətləndirib.
Təhlil.az xəbər verir ki, Fon der Lyayen X platformasında yazıb:
“Bu irəliləyişi mümkün edən ABŞ, Qətər, Misir və Türkiyənin diplomatik səylərini yüksək qiymətləndirirəm. İsrail hökumətinin və Fələstin rəhbərliyinin dəstəyi məni ruhlandırır.”
Aİ rəhbəri bildirib ki, bütün tərəflər razılaşmanın şərtlərinə tam əməl etməli, bütün girovlar sağ-salamat azad edilməli və daimi atəşkəs təmin olunmalıdır.
“Əzablara son qoyulmalıdır”, – deyə o vurğulayıb.
Fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı Qəzzaya humanitar yardımın sürətli və təhlükəsiz çatdırılmasını dəstəkləməyə davam edəcək, həmçinin bərpa və yenidənqurma işlərində iştirak etməyə hazırdır.
“Bu, davamlı sülh və təhlükəsizliyə aparan etibarlı siyasi yolun yaradılması üçün bir fürsətdir. İki dövlət həllinə möhkəm əsaslanmaq lazımdır”, – deyə Avropa Komissiyasının sədri vurğulayıb.