Fon der Lyayen: Avropa hibrid müharibəyə cavab verməlidir

Son dron insidentləri və digər hava məkanı pozuntuları göstərir ki, Avropa hibrid müharibə ilə üz-üzədir və ona ənənəvi müdafiədən kənara çıxan tədbirlərlə cavab verməlidir.
Təhlil.az xəbər verir ki, bu barədə çərşənbə günü Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
“Bu, təsadüfi təqib deyil. Bu, vətəndaşlarımızı narahat etmək, qətiyyətimizi sınamaq, birliyimizi parçalamaq və Ukraynaya dəstəyimizi zəiflətmək üçün davamlı və artan kampaniyadır. Hər şeyi öz adı ilə çağırmağın vaxtıdır. Bu, hibrid müharibədir”, - Fon der Lyayen Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib.
O, bütün hadisələrə görə Rusiyanı günahlandırmasa da, Rusiyanın məqsədinin Avropada “parçalanma toxumu səpmək” olduğunu bildirib.
“Rusiyanın hibrid müharibəsi ilə mübarizə təkcə ənənəvi müdafiə ilə bağlı deyil. Bu, hamımızdan yeni düşüncə tərzi tələb edir. Biz ya geri çəkilib Rusiyanın təhdidlərinin artmasını seyr edə bilərik, ya da onları birlik, çəkindirmə və qətiyyətlə qarşılaya bilərik”, - deyə Avropa rəsmisi qeyd edib.