Robert Köçəryan Kremlin tezislərini səsləndirdi - Ermənistanda gərginlik artacaq - ŞƏRH

Ermənistanda 2026-cı ilin 7 iyun tarixinə təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca daxili siyasətdə gərginlik artmaqda davam edir. Hakimiyyətlə iqtidar arasında başlayan ölüm-dirim savaşına eks-prezidentlər də qoşulub. Ermənistanın ikinci prezidenti Robert Köçəryan ötən gün mətbuat konfransı keçirib. Sabiq prezident və müharibə cinayətkarı sayılan Köçəryan təmsil etdiyi partiyanın parlament seçkilərində iştirak edəcəyini bildirib. Bununla yanaşı, Robert bir sıra açıqlamalar da verib. Maraqlıdır ki, eks-prezidentin səsləndirdiyi fikirlər Kreml tezislərinə bənzəyir. Bu da təsadüfi deyil, çünki Köçəryan Rusiyayönümlü siyasətçidir və Putinlə şəxsi münasibətlərinə güvənir. O hesab edir ki, seçkilərdə qalib gələrək, Baş nazir Nikol Paşinyanı devirəcək. Bu da revanşist qüvvələrin yenidən Ermənistanda hakimiyyətə gəlməsi sayıla bilər. Amma sorğu nəticələri göstərir ki, artıq sadə erməni vətəndaşı ekslərə inanmır və Paşinyanın sülh gündəminə inamı daha üstün tutur. Bu da seçkilərin gərgin və qalmaqallı keçəcəyinə işarə edir. Çünki revanşistlər bütün üsullardan istifadə edəcəklərini bildirirlər.
Köçəryanın mətbuat konfransında səsləndirdiyi açıqlamalardan da məlum olur ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi və Zəngəzur dəhlizi ilə bağlı müsbət irəliləyişlər onun və Rusiyanın bəzi siyasi dairələrinin planlarına mane olur. Məsələn, eks-prezident bildirir ki, ABŞ-də əldə edilən razılaşma təcili olaraq nəzərdən keçirilməlidir. O ehtimal edir ki, bu razılaşma Ermənistanın maraqlarına xidmət etmir. Əslində Bakı və İrəvan arasında Vaşinqtonda əldə edilən razılaşma Kremlin maraqlarına ziddir və Köçəryan vasitəsilə Paşinyan hökumətinə xəbərdarlıq edilir. Uzun müddət iki ölkə arasında sülh gündəminin belə irəliləməsi, Baş nazirin seçkilərə konkret olaraq sülh platforması ilə qatılması revanşistlərin planlarını alt-üst edir. Bu səbəbdən də artıq dilə gələn Köçəryan suyu bulandırmağa, seçicilərdə Vaşinqton razılaşmasına qarşı mənfi rəy yaratmağa çalışır. İşin başqa maraqlı tərəfi də var. Köçəryan bu fikrinə davam edərək bildirib ki, 2020-ci il noyabrın 9-da imzalanan sənəd Ermənistanın maraqlarını daha çox müdafiə edirdi. Belə ki, sözügedən sənəd Qarabağın qondarma separatçı rejiminin mövcudluğu üçün faydalı olsa da, Vaşinqton bəyannaməsi bu ehtimalı yerli-dibli ləğv edir. Bu açıqlama da onun sözlərinin Kremlin fikri olduğunu bir daha sübut edir. Çünki Moskva Qafqaz regionu ilə bağlı məsələlərdə ancaq Kremlin imzaladığı sənədləri üstün tutur. Eyni zamanda, rəsmi Bakının müstəqil xarici siyasət aparması, ölkənin maraqlarını və mənafeyini hər şeydən üstün tutması Kremldə birmənalı qarşılanmır.
Robert Köçəryanın açıqlamasında diqqət çəkən məqamlardan biri də AES-in inşası ilə bağlıdır. Bu məsələdə də eks-prezident Nikol Paşinyana “məsləhət görür” ki, layihəni Rusiya ilə reallaşdırmaq daha məqsədəuyğundur. Bilindiyi kimi, erməni hökuməti AES inşası ilə bağlı ABŞ və digər dövlətlərlə də danışıqlar aparır. Eyni zamanda, Rusiya ilə danışıqlardan bir neçə gün sonra Ermənistanla ABŞ arasında “123 Sazişi” imzalanıb. Bu da Kremlin enerji siyasəti maraqlarına ziddir. Bu məsələ iqtisadi önəmdən əlavə, strateji əhəmiyyət kəsb edir. Buna görə də, hazırda Köçəryanın ağzı ilə Paşinyan hökumətinə xəbərdarlıq edilir.
Ümumiyyətlə, Robert Köçəryanın mətbuat konfransına həm Kremlin tezislərinin səsləndirilməsi, həm də nəbz yoxlanışı prizmasından baxmaq olar. Amma ortada bir reallıq var ki, Ermənistanda revanşistlərin hakimiyyətə qayıdışla bağlı şansı hər gün daha da azalır.
Hikmət Həsənov