07 oktyabr

Valeri Çeçelaşvili: “Gürcüstanda siyasi böhran dərinləşir, çıxış yolu görünmür” - AÇIQLAMA

4 oktyabrda baş verən hadisələr göstərdi ki, Gürcüstanda siyasi böhran daha da dərinləşib və ölkə Avropa İttifaqından getdikcə uzaqlaşır.

Bu fikirləri təhlil.az saytına GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) keçmiş baş katibi, Gürcüstanın sabiq maliyyə naziri, xarici işlər nazirinin keçmiş birinci müavini, eləcə də bu ölkənin Rusiya və Ukraynadakı keçmiş səfiri Valeri Çeçelaşvili açıqlamasında bildirib.

Onun sözlərinə görə, 4 oktyabr Gürcüstan üçün olduqca çətin və sınaqlarla dolu gün olub:

“Ölkə, demək olar ki, iki paralel reallıqda yaşayırdı. Bir tərəfdə bələdiyyə seçkiləri keçirilirdi, digər tərəfdə isə ciddi etiraz aksiyası gedirdi. Etiraz dalğasının böyüməsinə səbəb ondan ibarət idi ki, dörd əsas müxalifət partiyasından ikisi seçkiləri boykot etdi və prosesdə iştirak etmədi”.

Çeçelaşvili qeyd edib ki, seçkilərdə cəmi iki partiya birləşmiş namizədlərlə iştirak edib:

“Bu, müxalifət üçün ən uğursuz, hakim "Gürcü Arzusu" partiyası üçün isə ən əlverişli ssenari idi”.

Ekspertin sözlərinə görə, müxalifətin 4 oktyabr aksiyası genişmiqyaslı olub, lakin konkret məqsəd və gündəlikdən məhrum idi:

“İnsan çox idi, amma aksiyanın mövzusu qeyri-müəyyən idi. Əksəriyyət aksiyanın dinc xarakter daşıyacağına inanırdı. Lakin təşkilatçılar zorakı niyyətlərini elan etdikdən sonra bir çox iştirakçı meydanı tərk etdi. Yalnız az bir qrup prezident administrasiyasına doğru hərəkət etdi və baş verənlər də bundan sonra baş verdi. Çoxluğun uzaqlaşması göstərdi ki, gürcü cəmiyyəti zorakılığa qarşıdır”.

Onun sözlərinə görə, bu hadisələrdən sonra Gürcüstan daha dərin siyasi böhran mərhələsinə daxil olub:

“Müxalifət 4 oktyabrdan sonra daha çox parçalanıb və fərqli düşərgələrə bölünüb. İndi hər kəs vəziyyəti yenidən dəyərləndirməyin, yeni ideyalar tapmağın vacibliyindən danışır. Amma bu, çox vaxt və səy tələb edir. Nəticənin necə olacağı isə hələ məlum deyil”.

V.Çeçelaşvili həm hakimiyyətin, həm də müxalifətin qarşısında ciddi çağırışların dayandığını vurğulayıb:

“Bu böhranı aradan qaldırmaq üçün ilk növbədə Gürcüstanda daxili siyasi mühitin sağlamlaşdırılması vacibdir. Tərəflər dialoqa başlamaq və kompromis yolu tapmaq imkanını yaratmalıdır. Zorakılıq bir tərəfdən başlayanda, digər tərəfdən cavab doğurur. Bu gərginlik ölkəni fəlakətli nəticələrə apara bilər”.

Ekspert qeyd edib ki, hazırda Gürcüstanda kompromisə hazır olan heç bir siyasi qüvvə görünmür və böhranın sonu hələlik müşahidə olunmur:

“Prezident sarayı ətrafında baş verənlər ciddi siyasi səhv idi. Bütün partiyalar, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti artıq anlayır ki, bu hadisələr təkcə müxalifətə deyil, bütövlükdə Gürcüstana zərbə vurdu”.

Sonda o əlavə edib ki, baş verən zorakılıq faktları ilə bağlı artıq prokurorluğun cinayət işləri açmaq üçün hüquqi əsası mövcuddur və bu proses artıq başlayıb.

Rasim Babayev 

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?