Gürcüstan Xarici İşlər Nazirliyi xarici ölkələrin səfirlərini çağırıb

Oktyabrın 7-də Gürcüstan Xarici İşlər Nazirliyində Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib. Təhlil.az-ın məlumatına görə, görüşün əsas mövzusu yerli hakimiyyət orqanlarına seçkilər və 4 oktyabr hadisələri olub.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu ölkədə akkreditə olunmuş səfirlərin nazirliyə dəvət olunmasını şərh edib. O qeyd edib ki, diplomatlar töhmətə çağırılmayıb, onlara 4 oktyabr hadisələri ilə bağlı “obyektiv məlumat” verilib.
“Onlara cəmiyyətimizin canlı izlədiyi məlumatlar verilib. Eyni zamanda, 4 oktyabr hadisələri ilə bağlı araşdırmalar aparılır”, - nazir bildirib.
Maka Boçorişvili deyib ki, müzakirə həm də beynəlxalq ictimaiyyətin və “bir çox hallarda hadisələri təhrif edən”, “Gürcüstan haqqında yanlış fikirlər” yaradan aktyorların reaksiyasına aiddir.
“Biz səfirləri onları qınamaq üçün çağırmadıq, biz səfirləri obyektiv məlumat vermək üçün çağırdıq”, - Boçorişvili bildirib.