Aİ: Azərbaycanla nəqliyyat və logistika sahəsində əməkdaşlığa hazırıq

Avropa İttifaqı (Aİ) Avropanı regionla birləşdirən nəqliyyat marşrutlarının bərpası, modernləşdirilməsi və inkişafı sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır.
Təhlil.az xəbər verir ki,bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos müsahibəsində bildirib.
Onun sözlərinə görə, nəqliyyat və logistika sahələri Azərbaycan, Aİ və ümumilikdə Cənubi Qafqaz regionu arasında əlaqələrin möhkəmləndirilməsi üçün mühüm təməl rolunu oynaya bilər:
“Strategiyamız Avropa təcrübəsinə əsaslanır. Avropa əməkdaşlığı uğurlu oldu, çünki biz vaxtilə tarixi düşmən olan ölkələr arasında qarşılıqlı maraq doğuran konkret sahələr üzərində işləməyə başladıq. Nəqliyyat və logistika Azərbaycan və Aİ, eləcə də daha geniş Cənubi Qafqaz regionu ilə münasibətlər üçün oxşar təməl ola bilər. Hər iki sektor həm biznes, həm də vətəndaşlar üçün mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.”
Marta Kos əlavə edib ki, bu sahələrdə uğurlu əməkdaşlıq Azərbaycanla Avropa arasında münasibətləri yeni və müsbət mərhələyə çıxara bilər.