Son 5 ildə Azərbaycanda mənzil qiymətləri 46% bahalaşıb - RƏSMİ

Son beş ildə Azərbaycanda mənzil bazarında ciddi bahalaşma müşahidə olunub.
Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik “Maliyyə Sabitliyi Hesabatı”na görə, 2020-ci ilin iyun ayı ilə müqayisədə ilkin və təkrar bazarda mənzil qiymətləri 46 faiz artıb.
Təhlil.az xəbər verir ki, hesabatda qeyd olunur: "Pandemiya dövründə daşınmaz əmlak bazarında sabitlik müşahidə edilsə də, sonrakı illərdə qiymətlərdə davamlı artım meyli özünü göstərib. Bu artım, həm yüksək tələb, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə əlaqələndirilir".
AMB bildirir ki, bu ilin birinci yarısında tikinti sektoruna yönəldilən investisiyalarda artım qeydə alınıb. Xüsusilə yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlərin əsas kapitaldakı payı böyüyüb və bazar aktivliyini gücləndirib.
Bundan başqa, Prezidentin sərəncamı ilə sənədsiz evlərin sənədləşdirilməsi prosesi də daşınmaz əmlak bazarında canlanmanı dəstəkləyən amillərdən biri kimi göstərilir.
Hesabat müəlliflərinin proqnozuna əsasən, yaxın dövrdə tikinti sektoru və mənzil bazarında aktivliyin yüksək səviyyədə qalacağı gözlənilir.