Dünən

"Rusiya Cənubi Qafqazda sonuncu dayaq nöqtəsi kimi Ermənistandan yapışıb" - RƏY

Rusiya ordusunun Ermənistanda yerləşən 102-ci hərbi bazası regionun təhlükəsizliyi üçün ciddi təhdid olaraq qalır.

Bunu təhlil.az saytına müstəqil ekspert, BMT İnkişaf Proqramının Azərbaycandakı layihələrinin keçmiş rəhbəri Çingiz Məmmədov açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanda parlament seçkiləri ərəfəsində çoxsaylı hadisələr baş verə bilər:
“Rusiya Cənubi Qafqazda mövqelərini itirmək istəmir. Ermənistan isə Moskvanın regiondakı sonuncu dayaq nöqtəsidir. Bu səbəbdən də müxtəlif qüvvələr, o cümlədən erməni kilsəsi, Rusiyadan asılı biznesmenlər, Rusiyada təhsil almış hərbçilər və erməni diasporası bu proseslərdə fəal istifadə edilə bilər”.

Ekspert söyləyib ki, Azərbaycan və Gürcüstanda bu qüvvələrin imkanları məhduddur:
“Rusiya dəfələrlə Azərbaycana təzyiq göstərməyə cəhd edib, amma bunun resursları azdır. İrandan da oxşar cəhdlər olub, lakin nəticə verməyib. Gürcüstanda da imkanlar məhduddur. Ona görə bütün diqqət Ermənistana yönəlib”.

Ç.Məmmədovun fikrincə, xüsusən də erməni diasporası hələ də reallıqdan uzaq, “soyqırımı” və “Qarabağ” mifləri ilə yaşayır:
“Əgər Ermənistanla Azərbaycan arasında sülh bərqərar olsa, diaspor öz gəlir mənbələrini və fəaliyyət imkanlarını itirəcək. Ona görə də onlar bölgədə gərginliyin qalmasında maraqlıdırlar”.

O qeyd edib ki,  son günlər Ermənistanda baş verən bəzi cinayət hadisələri, o cümlədən müxalifət nümayəndəsi Volodi Qriqoryanın öldürülməsi də siyasi mübarizənin alətinə çevrilə bilər:
“Hadisənin sırf kriminal, yoxsa siyasi motivli olması hələ aydın deyil. Amma hər iki halda bu, seçkiqabağı proseslərdə istifadə olunacaq. Rusiya isə Ermənistanı əlindən buraxmamaq üçün bütün imkanlarını səfərbər edəcək”.

Ç. Məmmədov əlavə edib ki, Moskvanın Ermənistandakı hərbi mövcudluğu və 102-ci baza bu təsirlərin əsas dayağıdır: “Bu qüvvələr seçkilər ərəfəsində hərəkətə keçəcək və Ermənistanı öz təsir dairəsində saxlamağa çalışacaqlar”.

Rasim Babayev 

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?