BMT: Cənubi Qafqazda ən pis hava İrəvandadır

Cənubi Qafqazda ən pis hava keyfiyyətinə malik yer İrəvandır.
Təhlil.az xəbər verir ki, bu barədə BMT-nin Ermənistandakı rezident əlaqələndiricisi Fransuaza Yakob sentyabrın 23-də “Bank sisteminin gələcəyi: innovasiyalar və inkişaf perspektivləri” adlı forumda bildirib. Onun sözlərinə görə, bu, ölkənin cəlbediciliyinə təsir edir. O, həmçinin Ermənistanın torpaqlarının aktiv səhralaşması problemini, o cümlədən kənd təsərrüfatı, tikinti və mədənçilik fəaliyyəti nəticəsində çayların çirklənməsini qeyd edib. Yakob hesab edir ki, Ermənistan ətraf mühitin qorunmasına ÜDM-in cəmi 0,6%-ni xərcləyir. O əlavə edib ki, Ermənistan öz sülh gündəmində irəliləyiş əldə edir, yeni imkanlar açır. Yakobun sözlərinə görə bu, COP17 çərçivəsində, o cümlədən yaşıl iqtisadiyyatın inkişafı üçün müvafiq mühitin yaradılmasına imkan verir. Fransuaza vurğulayıb ki, COP17-ə qədər Ermənistan biomüxtəlifliyin qorunmasına sadiqliyini nümayiş etdirməlidir. Yakob izah edib ki, konfrans bu sahə üçün qlobal maliyyənin 200 milyard dollar artırılmasını tələb edir.