23 sentyabr

Ermənistanın Avropa inteqrasiyası Moskvanın qəzəbini alovlandırdı - ŞƏRH

Ermənistanın Avropaya inteqrasiya siyasəti Moskva ilə münasibətlərdə gərginlik yaratmaqda davam edir. Hakim “Vətəndaş müqaviləsi” partiyasının isə 2026-cı il seçkilərində qələbə qazancağı təqdirdə Avropa İttifaqına üzvlüklə bağlı daha böyük işlərə başlamağa dair vədi isə Kremldə ciddi narazılıq yaradıb. Adətən rəsmi şəxslərin açıqlamaları ilə Ermənistanı hədələyən Moskva bu dəfə politoloq və şərhçiləri ilə “hücuma keçib”.

Bir sıra sosial şəbəkə platformaları ilə yanaşı müxtəlif KİV-lərdə boy göstərən rus şərhçilərin açıqlamaları əsasən təhdid üzərində qurulub. Onların fikrinə görə, belə bir addım Ermənistanın Rusiya ilə münasibətlərini daha da korlaya bilər. Hətta bəziləri Paşinyanı Yanukoviç və Saakaşvili ilə müqayisə edərək, erməni hökumətinin başçısına səhv yolda olduğunu sübut etməyə çalışırlar. Politoloqların fikrinə görə, həm Rusiya, həm də Avropa ilə normal və xoş münasibətlər qurmaq mümkün deyil. Bu, eyni anda iki stulda əyləşməyə bənzəyir.

Bu isə bir daha sübut edir ki, Ermənistan hələ də Moskva üçün forpost statusundadır və onun müstəqil xarici siyasət yürütmək cəhdi xoş qarşılanmır. Yazılanları oxuyanda anlaşılır ki, bütün rəy və şərhlər erməni auditoriyasında qorxu yaratmaq, hökumətin müstəqil xarici siyasət kursunun Ermənistan üçün təhlükəli olduğu fikrini yaymaqdan ibarətdir.

Təbii ki, Kreml bu zaman bir oxla iki hədəfi vurmuş sayılır. Çünki seçki ərəfəsində bu tip fikir və şərhlərin tirajlanması eks-prezident Robert Köçəryan və Serj Sarkisyanla yanaşı, həbsdə olan Samvel Karapetyanın başlatdığı siyasi hərəkatın işinə yarayır. Eyni zamanda Avropa inteqrasiyası ilə bağlı erməni hökumətinə ciddi xəbərdarlıq edilir.

Qeyd edilir ki, bu arzu və istək Ermənistana baha başa gələ bilər. Bildirilir ki, Aİ ilə yeni əlaqələr Avrasiya İqtisadi İttifaqından uzaqlaşmaq deməkdir. Bu vəziyyət isə Ermənistan iqtisadiyyatı üçün fəlakətli ssenarilərin başlanması demək olar. Bununla belə, qeyd etmək yerinə düşər ki, son aylarda Ermənistan və Rusiya liderləri arasında müəyyən əlaqələr qurulub.

Baş nazir Nikol Paşinyanın bu yaxınlarda Rusiyaya səfəri də gözlənilir. Bununla yanaşı, hökumət başçısı son çıxışlarında Moskva ilə münasibətlər barədə pozitiv notlara toxunur. Bu, İrəvanın həm Brüssel, həm də Moskva ilə xoş münasibətlər saxlamaq istəyindən xəbər verir. Amma iş burasındadır ki, Aİ və Aİİ bir-birinə zidd iki düşərgədir və bu ittifaqların hər ikisi ilə əlaqə saxlamaq, münasibət qurmaq mümkünsüz görünür. Çünki ticari əsasdan üstün olan siyasi ambisiyalardır ki, bu da həm Aİ-də, həm də Aİİ-də kifayət qədər mövcuddur. Bu ambisiyaların əsas istiqamətlərindən biri də Cənubi Qafqaza nüfuz etməkdir ki, hər iki alyans üçün Ermənistan bu məsələdə əsas plasdarm kimi görünür. 

Hikmət Həsənov 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?