20 sentyabr

Ruanda ilə münasibətlər: Azərbaycanın Afrikadakı mövqeyini necə gücləndirir? - TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda fəal siyasət yürüdərək yeni tərəfdaşlıq əlaqələri qurur. Bu kontekstdə Azərbaycanın Afrika qitəsi ilə əlaqələrinin genişlənməsi və mövqeyinin güclənməsi ölkənin xarici siyasət strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Son illərdə Azərbaycan diplomatiyası Afrika dövlətləri ilə siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verib. Bu da həm qarşılıqlı faydaya əsaslanan münasibətlərin qurulmasına, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, qlobal miqyasda mövqeyinin güclənməsinə səbəb olub.

Azərbaycanın Afrika dövlətləri ilə münasibətlərində ilk növbədə siyasi əlaqələrin gücləndirilməsi diqqəti cəlb edir. Ölkəmiz Afrika qitəsində müxtəlif beynəlxalq platformalarda fəal iştirak edərək bir sıra dövlətlərlə qarşılıqlı dəstək mexanizmləri formalaşdırıb. Bu xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda özünü aydın şəkildə göstərir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Afrika ölkələrinin maraqlarını nəzərə alan addımlar atıb, onların beynəlxalq münasibətlərdə daha güclü mövqedən çıxış etməsinə dəstək verib. Məhz bunlar fonunda Afrika ölkələrinin də Azərbaycana marağı artan xətt üzrə inkişaf edir. Son illərdə müxtəlif Afrika ölkələrinin Azərbaycana intensivləşən səfərləri də elə bundan irəli gəlir. Ruanda Prezidenti Pol Kaqamenin Azərbaycana rəsmi səfəri də sözügedən kontekstdə qiymətləndirilə bilər.

Heç şübhəsiz ki, bu səfər, aparılan müzakirələr, əldə edilən razılaşmalar Azərbaycan–Ruanda münasibətlərində tamamilə yeni bir səhifə açacaq. Xatırlatmaq lazımdır ki, ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması 28 may 2004-cü il tarixinə təsadüf edir. Həmin vaxt Nyu-Yorkda Azərbaycan Respublikası və Ruanda Respublikası arasında diplomatik əlaqələrin yaranması haqqında Birgə Kommünike imzalanıb. Əsasən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilən əməkdaşlığın yeni konturları ötən ilin noyabrında müəyyən edilib. Həmin vaxt BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak üçün Ruanda Prezidenti Pol Kaqame ölkəmizə gəlib və Prezident İlham Əliyevlə görüşüb.

Qeyd edilməlidir ki, həmin görüş zamanı Ruanda Prezidenti “Commonwealth” təşkilatı çərçivəsində də Azərbaycanla əməkdaşlıq məsələlərinin önəmini xüsusi vurğulayıb. Xatırlatmaq lazımdır ki, Azərbaycan “Commonwealth” xətti ilə kiçik ada dövlətlərinə maliyyə yardımı göstərir. Bundan əlavə, Azərbaycan kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirib. Bütün bunlar Ruandanı da yaxından maraqlandırır.

O da bəllidir ki, Ruanda Azərbaycanın “ASAN xidmət” təcrübəsinin mənimsənilməsində maraqlıdır. Bu məsələdə ölkəmiz Ruandaya müvafiq köməkliklər göstərməyə, öz təcrübəsini bölüşməyə hazırdır. Azərbaycanın “DOST” xidmətləri təcrübəsi də Ruandanın diqqət mərkəzindədir.

İqtisadi-ticari əlaqələr, sərmayələr sahəsində əməkdaşlıq, qarşılıqlı təmasların daha da genişləndirilməsi həm Azərbaycanın, həm də Ruandanın maraq dairəsindədir. Bu istiqamətlərdə Ruanda Prezidenti Pol Kaqamenin Azərbaycana rəsmi səfəri fonunda ölkələrimiz arasında münasibətlərin artıq yeni mərhələyə qədəm qoyacağı proqnozlaşdırılır. Ruanda Azərbaycan sərmayələrinin cəlbində, ölkəmizlə iqtisadi, siyasi və diplomatik əlaqələrin dərinləşməsində xüsusilə maraqlıdır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın Ruanda və ümumən Afrikada mövqeyini gücləndirir.

Nəzərə alınmalıdır ki, Afrika böyük təbii ehtiyatlara malikdir və bu baxımdan Azərbaycanla əməkdaşlıq üçün perspektivli tərəfdaşdır. Enerji sahəsində zəngin təcrübəyə malik olan Azərbaycan Afrika ölkələrində müvafiq layihələr həyata keçirmək, eyni zamanda bərpa olunan enerji sahəsində təcrübəsini bölüşmək imkanına sahibdir. Afrika bazarı həmçinin Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı baxımından böyük potensiala malikdir. Kənd təsərrüfatı məhsulları, qida sənayesi, kimya məhsulları və digər sahələrdə Azərbaycan şirkətləri Afrika bazarında iştirakını genişləndirə bilər. Digər tərəfdən, Afrika ölkələri də öz kənd təsərrüfatı məhsullarını Azərbaycan bazarına çıxarmaqda maraqlıdır. Bu qarşılıqlı asılılıq yeni iqtisadi körpülərin qurulmasına təkan verir. Bütün bunlar Ruandanın da diqqətini cəlb edir.

Ruanda Azərbaycanın xarici siyasəti üzrə diplomatiya və sülhə üstünlük vermə metodunun öyrənilməsinə maraq göstərdiyini də bəyan edir. Bu ölkənin Azərbaycandakı qeyri-rezident səfiri Çarlz Kayonqa bildirib: “Azərbaycan diplomatik xidmətinin artıq 106 yaşı var və bu, kifayət qədər köklüdür. Ruanda Azərbaycanın xarici siyasətində diplomatiya və sülhə üstünlük vermə təcrübəsini yüksək qiymətləndirir”.

Azərbaycanın Afrika ilə əlaqələrinin güclənməsində humanitar sahə də mühüm rol oynayır. Heydər Əliyev Fondu və digər təşkilatlar Afrika ölkələrində müxtəlif humanitar layihələr həyata keçirib, təhsil, səhiyyə və sosial sahələrdə dəstək göstərib. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq imicini gücləndirməklə yanaşı, Afrika xalqları ilə dostluq körpülərinin qurulmasına şərait yaradıb. Bu istiqamətdə Azərbaycanın Ruandaya öz dəstəyini göstərməsi qarşı tərəfin maraq dairəsindədir. O da məlumdur ki, Azərbaycanın ali təhsil müəssisələrində Afrika ölkələrindən onlarla tələbə təhsil alır. Dövlət Təqaüd Proqramları çərçivəsində verilən təqaüdlər həm Afrikada Azərbaycanın tanınmasına, həm də gələcəkdə ikitərəfli əməkdaşlığın davamlı kadr bazasının formalaşmasına xidmət edir. Bu tələbələr ölkələrinə qayıtdıqdan sonra Azərbaycanın səmimi dostları və qeyri-rəsmi mədəni səfirləri rolunu oynayırlar.

Azərbaycanın Afrika ilə münasibətləri yalnız iqtisadi və siyasi maraqlara əsaslanmır, həm də ortaq dəyərlərə söykənir. Hər iki tərəf multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoq prinsiplərinə xüsusi əhəmiyyət verir. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumları kimi tədbirlərdə Afrika ölkələrinin fəal iştirakı bunun bariz nümunəsidir.

Ruanda daxil olmaqla Afrika ölkələri ilə əməkdaşlıq Azərbaycanın qlobal mövqeyini gücləndirməklə yanaşı, ölkəmizə yeni strateji imkanlar da qazandırır. Qitənin Asiya və Avropa ilə əlaqə nöqtəsi olması, zəngin resurslara malikliyi, sürətlə artan gənc əhalisi Azərbaycan üçün yeni bazar və tərəfdaş deməkdir. Gələcəkdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığını genişləndirməsi, həmçinin qitədə birgə iqtisadi zonaların yaradılması perspektivləri mövcuddur. Beləliklə, Azərbaycan qarşılıqlı hörmət, ədalət və bərabər tərəfdaşlıq prinsipləri əsasında Afrika ilə münasibətlərini inkişaf etdirərək beynəlxalq sistemdə daha güclü və etibarlı tərəfdaş obrazını möhkəmləndirir. Bu da Afrikada Azərbaycana marağın artmasını şərtləndirən mühüm amillərdən biridir.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?