Süni intellekt məlumat mərkəzləri 2035-ci ilə qədərki dünya elektrik enerjisinin 4,4%-ni istehlak edə bilər

Neyron şəbəkələri idarə etmək üçün tələb olunan məlumat mərkəzləri 2035-ci ilə qədər qlobal miqyasda istehsal olunan bütün elektrik enerjisinin 4,4%-ni və ya 1,6 milyard kVt/saat istehlak edə bilər.
Təhlil.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Onun hesablamalarına görə, süni intellektin hazırlanması və saxlanması üçün tələb olunan elektrik enerjisinin miqdarı növbəti 10 il ərzində dörd dəfə arta bilər. Müasir məlumat mərkəzləri yüzlərlə və minlərlə meqavat elektrik enerjisi istehlak etmək üçün nəzərdə tutulub, halbuki cəmi 15 il əvvəl onlar 5 meqavatdan az elektrik enerjisi üçün nəzərdə tutulmuşdu.
Agentliyin qeyd etdiyinə görə, süni intellekt məlumat mərkəzləri bir ölkə olsaydı, 2035-ci ilə qədər o, enerji istehlakına görə dünyada yalnız Çin, ABŞ və Hindistandan sonra dördüncü yeri tuta bilərdi.
Nəşr elektrik enerjisi istehlakının artmasının iki əsas səbəbini müəyyən edir: süni intellektin yaranması ilə hesablama prosesləri daha çox enerji tutumlu olub və süni intellekt tərəfindən tələb olunan məlumatların emalının miqyası ənənəvi sistemlərdən dəfələrlə böyükdür.
Beynəlxalq Enerji Agentliyi daha əvvəl məlumat vermişdi ki, data mərkəzləri hazırda dünya üzrə ümumi elektrik enerjisinin təxminən 1%-ni istehlak edir, böyük iqtisadiyyatlar - ABŞ, Çin və Aİ üçün isə artıq elektrik enerjisi istehlakının 2-4%-ni təşkil edir. ABŞ-nin beş ştatında bu rəqəm artıq 10%-i, İrlandiyada isə 20%-i keçib. IEA-nın məlumatına görə, böyük məlumat mərkəzlərinin illik elektrik istehlakı 350-400 min elektromobil üçün tələb olunan elektrik enerjisinin miqdarına bərabərdir.