Antiterror əməliyyatı – tarixdə 1 gün, dövlətçilikdə əbədi dönüş - TƏHLİL

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən həyata keçirilən və cəmi bir sutka davam edən lokal xarakterli antiterror əməliyyatı ölkə tarixində təkcə hərbi əməliyyat kimi yox, həm də dövlət suverenliyinin tam bərpası baxımından dönüş nöqtəsi oldu. Bu hadisə milli dövlətçilik ideyasının reallaşması və regionun yeni geosiyasi mənzərəsinin formalaşmasına zəmin yaratdı.
44 günlük müharibədən sonra Qarabağın bir hissəsində separatçı silahlı birləşmələrin mövcudluğu ölkənin ərazi bütövlüyünün tam icrasına mane olurdu. Antiterror əməliyyatı bu ikili idarəçiliyə son qoydu və Azərbaycan Konstitusiyası, qanunları və dövlət idarəetmə mexanizmləri bütün ərazilərdə, o cümlədən Qarabağda tətbiq olundu. Suverenlik artıq kağız üzərində yox, reallıqda təsbit edildi.
Əməliyyat cəmi 23 saat davam etdi və minimal itkilərlə separatçı qüvvələrin təslim olması ilə nəticələndi. Bu, həm Azərbaycan Ordusunun yüksək peşəkarlığını, həm də dövlət rəhbərliyinin qətiyyətini nümayiş etdirdi. Eyni zamanda, beynəlxalq müstəvidə Azərbaycanın legitim mövqelərini gücləndirdi.
Separatçıların tam zərərsizləşdirilməsi Cənubi Qafqazda təhlükəsizlik arxitekturasını dəyişdi. Bölgədə eskalasiya riski minimuma endi, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi sürətləndi, sərhədin delimitasiya və demarkasiyası istiqamətində addımlar atıldı. Qarabağın tam reinteqrasiyası Bakının regional təşəbbüslərdə daha sərbəst və dominant mövqeyini təmin etdi.
Əməliyyatdan sonra “status” müzakirələri tamamilə gündəmdən çıxarıldı. İki il ərzində aparılan bütün sülh danışıqları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri üzərində quruldu. Ermənistan da bu reallığı qəbul etməyə məcbur qaldı və 2025-ci ilin avqustunda Vaşinqtonda sülh müqaviləsi paraflandı.
Hərbi əməliyyatın ardınca Qarabağda geniş infrastruktur layihələri icra olundu. Yollar, enerji xətləri, su təchizatı bərpa edildi, məcburi köçkünlərin geri dönüşü üçün şərait yaradıldı. Sosial və humanitar layihələr bölgəni münaqişə ocağından inkişaf məkanına çevirdi.
Ərazi bütövlüyünün bərpası Azərbaycan cəmiyyətində milli birliyi gücləndirdi. Dövlətçilik ideyası ətrafında yaranmış konsensus daxili sabitliyin əsas dayağına çevrildi. Bu hadisə sübut etdi ki, dövlət yalnız torpaqlar üzərində nəzarəti deyil, həm də həmin torpaqları sosial, iqtisadi və mədəni baxımdan dirçəltməyi hədəfləyir.
Beləliklə, 2023-cü ilin 19 sentyabr antiterror əməliyyatı Azərbaycanın tarixində təkcə hərbi qələbə deyil, həm də dövlətçilik fəlsəfəsinin parlaq nümunəsi kimi qalır. Qarabağ artıq münaqişə bölgəsi yox, sülh və inkişaf məkanıdır.
MTM Analitik Qrupu