Oksford və Kembric ilk dəfə Britaniyanın ən prestijli üç universiteti siyahısından kənarda qalıb

Britaniyanın ən qədim universitetləri Oksford və Kembric ilk dəfədir ki, 1993-cü ildən bəri “The Times” və “The Sunday Times” tərəfindən tərtib edilən “Good University Guide”ın ilk üçlüyünə düşə bilməyiblər. Təhlil.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.
London İqtisadiyyat Məktəbi (LSE) artıq ikinci ildir ki, Böyük Britaniyanın ən yaxşıları siyahısına başçılıq edir. Onu keçən il beşinci yerdən üçüncü yerə yüksələn Şotlandiyanın ən qədim Sent-Endryus Universiteti və Durham Universiteti izləyir. Birlikdə “Oksbridge” kimi tanınan Oksford və Kembric reytinqdə dördüncü yeri bölüşürlər.
Müəlliflərin qeyd etdiyinə görə, Durham Universiteti tədris və tədqiqat, tələbə məmnuniyyəti, eləcə də məzunların nəticələri baxımından bir çox rəqibini üstələyib. Məzunların məşğulluğu baxımından universitet London İmperial Kollecindən (6-cı yer) sonra ikinci yerdə qərarlaşıb.