Konqresdə anti-Azərbaycan təşəbbüslər iflasa uğrayır - ŞƏRH

ABŞ siyasi arenasında müxtəlif etnik qrupların, diasporların və maraq dairələrinin fəaliyyəti ölkədəki demokratik sistemin əsas xüsusiyyətlərindən biri hesab olunur. Onların arasında erməni diasporu və lobbisi uzun illərdir Konqresdə güclü təsir imkanlarına malik olub. Xüsusilə ötən əsrin sonlarından etibarən erməni təşkilatları ABŞ siyasətçiləri ilə sıx əlaqələr quraraq, Azərbaycan və Türkiyə əleyhinə müxtəlif qətnamələrin qəbul edilməsinə nail olublar.
Lakin son illərdə bu təsirin zəiflədiyi, bəzi hallarda isə tam məğlubiyyətə uğradığı müşahidə olunur. Burada Azərbaycanın ABŞ-də apardığı sistemli iş, diaspor quruculuğu, beynəlxalq əlaqələrdə fəallığı və enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi mühüm rol oynayıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi də erməni diasporunun mövqelərinə ciddi zərbə vurdu.
Ənənəvi olaraq Kaliforniya və Massaçusets kimi ştatlarda güclü təsir imkanlarına malik olan erməni diasporu Konqresdə illərlə Azərbaycana qarşı qərəzli sənədlər gündəmə gətirib. “Azadlığa Dəstək Aktı” çərçivəsində Azərbaycana yardımların qadağan olunması da bunun nümunələrindən idi. Lakin indi anti-Azərbaycan qətnamələr ya gündəmdən çıxarılır, ya da səs çoxluğu ilə rədd olunur.
Son günlərdə ermənipərəst konqresmenlər – Frank Pallone, Bred Şerman, Laura Fridman, Raca Krişnamurti və Vins Fonq Azərbaycanın əleyhinə çıxışlar etsələr də, onların təşəbbüsləri nəticəsiz qalıb. 87 konqresmenin Prezident Donald Tramp administrasiyasına ünvanladığı əsassız müraciət də cavabsız qalıb. Daha sonra Konqresdə Azərbaycana qarşı layihələrə edilən iki anti-Azərbaycan düzəliş də Xarici İşlər Komitəsi tərəfindən rədd edilib. Bu, erməni lobbisinin növbəti məğlubiyyətidir.
Eyni zamanda, erməni lobbisinin korrupsiya və qeyri-qanuni maliyyə əlaqələri də ifşa olunmaqdadır. ABŞ Senatının sabiq üzvü, ermənipərəst mövqeyi ilə tanınan Bob Menendes korrupsiya ittihamı ilə 11 il həbs cəzası alıb. Onun həyat yoldaşı, erməni əsilli Nadin Menendes də beynəlxalq rüşvət sxemində iştirakına görə 4,5 il həbsə məhkum edilib. Bu hadisə erməni diasporunun Konqresdəki təsir mexanizmlərinə daha bir zərbə vurdu.
Nəticə etibarilə, ABŞ-də erməni diasporunun təşəbbüsləri əvvəlki kimi dəstək qazanmır. Azərbaycanın isə regionun əsas güc mərkəzinə çevrilməsi, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanınması fonunda bu proses diplomatik qələbə sayılır. ABŞ siyasətində Azərbaycanın mövqelərinin güclənməsi gələcəkdə daha balanslı və ədalətli yanaşma üçün mühüm zəmin yaradır.
MTM Analitik Qrupu