Bu gün

BƏƏ kapitallarının Qarabağ və Şərqi Zəngəzura axını: yeni mərhələ - ARAŞDIRMA

Azərbaycanın əlverişli biznes və investisiya mühiti, dünyada etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri tam şəkildə və vaxtında yerinə yetirməsi, mühüm tranzit imkanları ölkəmizin investisiya cəlbediciliyini artırır. 2025-ci ilin birinci yarısında ölkəyə birbaşa xarici investisiya qoyuluşunun 3 milyard 222,5 milyon ABŞ dolları təşkil etməsi də ictimai-siyasi və iqtisadi sabitliyin nəticəsidir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri çərçivəsində Şuşada imzalanmış sənədlər və aparılan müzakirələr göstərdi ki, ölkəmizin biznes mühiti Yaxın Şərq və Körfəz dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Cənubi Qafqazda tranzit və logistika mərkəzi kimi artan rolu, uğurlu diversifikasiya siyasəti BƏƏ-nin aparıcı biznes dairələri üçün geniş imkanlar açır.

BƏƏ Prezidentinin səfərini birbaşa azad edilmiş ərazilərə etməsi, görüş və tədbirlərin Şuşada keçirilməsi mühüm siyasi çalar daşıyır. Bu, həm ölkəmizin mədəniyyət paytaxtının azadlıqdan sonrakı inkişafını, həm də Qarabağ və Şərqi Zəngəzurun biznes və iqtisadi potensialını dünyaya nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Şuşadakı yüksək səviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycan–BƏƏ münasibətlərinin strateji xarakterini daha da möhkəmləndirib.

Beynəlxalq maliyyə və ticarət mərkəzi kimi tanınan BƏƏ alternativ enerji, yüksək texnologiyalar və turizm sahəsində geniş təcrübəyə malikdir. İki ölkə arasında imzalanan sazişlər, keçirilən biznes forumlar və sərgilər münasibətlərin yalnız siyasi və diplomatik çərçivədə deyil, həm də biznes müstəvisində dərinləşdiyini göstərir. Bunun əyani nümunəsi iki ölkə arasında əmtəə dövriyyəsinin ilbəil artmasıdır: 2024-cü ildə bu göstərici 2,24 milyard dollar təşkil edib.

2025-ci ilin iyulunda Prezident İlham Əliyevin BƏƏ-yə səfəri zamanı imzalanmış hərtərəfli iqtisadi əməkdaşlıq haqqında Saziş biznes və investisiya tərəfdaşlığına yeni təkan verib. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sənədlərin mübadiləsi zamanı bildirib: “Biz Birləşmiş Ərəb Əmirliklərində bu əməkdaşlığı genişləndirməkdə maraqlıyıq, xüsusən də inkişaf sektoruna aid olan iqtisadiyyat, bərpaolunan enerji, qida təhlükəsizliyi, mədəniyyət və digər mühüm sahələrdə. Çünki bu sahələr bizim gələcəyimiz üçün çox böyük nəticələr vəd edir.”

Şuşada imzalanmış sənədlər BƏƏ-nin Azərbaycana, xüsusilə azad edilmiş ərazilərə investisiya qoyuluşunun təşviqi baxımından yeni imkanlar açır. Burada nəqliyyat, energetika, yaşıl enerji, turizm və biznes sahələrində əməkdaşlıq, eləcə də Azərbaycan–BƏƏ Birgə Biznes Şurasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu Şura iki ölkənin biznes dairələri arasında institusional əməkdaşlıq platformasının formalaşmasına xidmət edəcək, birbaşa əlaqələri gücləndirəcək, yeni layihələrin təşviqinə və investisiya mühitinə dair məlumat mübadiləsinin sürətlənməsinə imkan yaradacaq.

Energetika ikitərəfli əlaqələrin ən dinamik inkişaf edən sahələrindən biridir. Azərbaycan 2030-cu ilə qədər enerji istehsalında bərpaolunan mənbələrin payını 35 faizə qaldırmağı hədəfləyir. Bu məqsədlə BƏƏ-nin dünyaca məşhur “Masdar” şirkəti ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Şirkətin maliyyə dəstəyi ilə Qaradağda inşa edilmiş 230 MVt gücündə Günəş Elektrik Stansiyasının 2023-cü ilin oktyabrında istifadəyə verilməsi alternativ enerji sektorunda yeni mərhələ açdı. MDB məkanında ən böyük günəş elektrik stansiyası olan bu layihə hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edir, 110 milyon kubmetr təbii qaza qənaət edir və atmosferə atılan karbon emissiyasını 200 min ton azaldır. Hazırda “Masdar” şirkəti Qaradağ külək, Biləsuvar və Neftçala günəş elektrik stansiyalarının inşasını da həyata keçirir.

İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq da perspektivlidir. BƏƏ ərzaq təhlükəsizliyinə xüsusi önəm verir və keyfiyyətli məhsul idxalına böyük diqqət yetirir. Azərbaycanın, xüsusilə azad edilmiş ərazilərin münbit torpaqları və su resursları kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişlidir. Bu baxımdan meyvə-tərəvəz, üzümçülük və digər məhsulların ixracı üçün BƏƏ bazarı strateji istiqamət hesab olunur.

Turizm əlaqələrinin inkişafı da xüsusi diqqət çəkir. Son illərdə BƏƏ-dən Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Ölkəmiz ərəb turistləri üçün mədəniyyət və təbiət baxımından cəlbedici məkan kimi önə çıxır. Təhlükəsiz mühit, qonaqpərvərlik, birbaşa aviareyslər və vizasız rejim bu marağı daha da artırır. Eyni zamanda, Dubay və Əbu-Dabi şəhərləri də azərbaycanlı turistlərin sevimli səyahət istiqamətlərindəndir.

Rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq da genişlənməkdədir. Azərbaycanın rəqəmsallaşma siyasəti və elektron hökumət təcrübəsi BƏƏ-nin qabaqcıl yanaşmaları ilə birləşir. Bu kontekstdə Şuşada imzalanmış Süni İntellekt Strategiyasının icrası üzrə Anlaşma Memorandumu da xüsusi əhəmiyyət kəsb edir.

Bütün bunlar göstərir ki, Azərbaycan ilə BƏƏ arasında münasibətlər yalnız dövlətlərarası əməkdaşlıqla məhdudlaşmır, həm də biznes strukturlarının sıx tərəfdaşlığı sayəsində daha da möhkəmlənəcək.

MTM Analitik Qrupu 

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?