Alimlər: Bəşəriyyət təkamülün yeni mərhələsini yaşayır

Men Universitetindən olan tədqiqatçılar, insanların inkişafın əsas hərəkətvericisinin artıq genetik amillər yox, mədəniyyət olduğu böyük bir təkamül keçidinə qədəm qoyduğunu bəyan etdilər. Təhlil.az xəbər verir ki, bu barədə “BioScience” jurnalında elmi məqalə dərcolunub.
“Bir-birimizdən bacarıqlar, institutlar və ya texnologiyalar mənimsədikdə, adaptiv mədəni təcrübələri miras alırıq. Onlar məsələləri genetikadan daha sürətli həll edirlər. Hər şey onu göstərir ki, biz böyük bir təkamül keçidinin ortasındayıq”, - deyə məqalənin müəllifi Timoti Uorinq bildirib.
Mədəni təcrübələr – kənd təsərrüfatından tutmuş hüquqi kodekslərə qədər – genlərin seçilməsindən daha tez yayılır və dəyişir. Bu, cəmiyyətlərə yeni şəraitə uyğunlaşmağa və biologiyanın təkbaşına həll edə bilmədiyi problemlərin öhdəsindən gəlməyə imkan verir. Alimlər ehtimal edirlər ki, uzunmüddətli perspektivdə insanın yaşaması və çoxalması genlərdən çox cəmiyyətin sağlamlığından və onun mədəni infrastrukturunun davamlılığından asılı olacaq.
"Mədəni təşkilatlanma qrupları daha kooperativ və effektiv edir. Böyük icmalar mədəni dəyişikliklər vasitəsilə daha tez uyğunlaşa bilirlər. Eyni zamanda məlumatlar göstərir ki, bu proses sürətlənməkdədir", - Uorinq əlavə edib. Müəlliflərin fikrincə, gələcəkdə mədəniyyət insanın irsiyyət və inkişafının ilkin formasına çevrilə bilər. Uzun illər sonra təkamül DNT-də deyil, bizim yaratdığımız qanunlarda, texnologiyalarda və hekayələrdə yazılacaq.