Fərhad Məmmədov: “Xankəndidəki terrora cəhd sülh prosesini dayandıra bilmədi” - AÇIQLAMA

Xankəndidə Karen Avanesyanın terror törətməyə cəhd etməsi Azərbaycan və Ermənistan arasında sülh prosesinə heç bir təsir göstərməyib.
Bu fikirləri təhlil.az saytına Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, Valday Diskussiya Klubunun eksperti Fərhad Məmmədov açıqlamasında deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Xankəndidə müəyyən sayda erməni qalıb, lakin bu müddət ərzində Ermənistan cəmiyyətində onların taleyi ilə maraqlanan heç kəs olmayıb:
“Ermənistan daha çox mülkə, qondarma mədəni və dini irsə diqqət yetirir, Xankəndidə qalan ermənilərin taleyindən isə danışmır. Karen Avanesyanı terror aktına nəyin sövq etdiyini istintaq müəyyən edəcək. Ola bilər ki, onun Ermənistana qayıda bilməməsi, yaxud müəyyən qruplar, Ermənistan və ya Rusiyada əlaqəsi rol oynayıb”.
Ekspert qeyd edib ki, hadisə sülh prosesinə zərər vurmayıb, əksinə, Bakı ilə İrəvan arasında sülh gündəmi genişlənməkdə davam edir:
“Ümid etmək olar ki, bu hadisə təcrid olunacaq və davamı olmayacaq”.
Fərhad Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarına da münasibət bildirib.
O qeyd edib ki, Paşinyan sülh gündəminin bir hissəsi olaraq, qondarma silahlanma yarışına getməyəcəyini vurğulayıb:
“Paşinyan demək istəyir ki, Ermənistan işğalçı dövlət olmaq niyyətində deyil. Təhlükəsizlik təkcə ordu ilə deyil, həm də diplomatiya və coğrafi güzəştlərlə təmin olunmalıdır”.
Ekspert əlavə edib ki, Azərbaycanın gözləntisi Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi ilə bağlıdır:
“Hazırda konstitusiyanın preambulasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Ermənistan bu dəyişiklikləri etməklə sülh müqaviləsini imzalamaq üçün son addımı atmalıdır. Azərbaycanın əsas tələbi də gələcəkdə heç bir erməni liderin revanşizmə gedərək yenidən müharibə başlatmamasıdır”.
F. Məmmədovun sözlərinə görə, erməni icmasında revanşizmi qidalandıran əsas qurumlar, kilsə və diaspor hələ də mövcuddur:
“Onlar kifayət qədər maliyyələşir və doktrinalarında Azərbaycana qarşı ərazi iddiaları var. Buna görə də bu məsələnin kökündən həll olunması üçün referendum keçirilməlidir. Ermənistan cəmiyyəti açıq şəkildə Azərbaycanla dinc yanaşı yaşama mövqeyini ifadə etməlidir”.
Ekspert hesab edir ki, bu dalğa artıq formalaşmağa başlayıb və Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə konstitusiya dəyişikliyi məsələsi gündəmdə qalacaq.
Rasim Babayev