Pakistan və Səudiyyə Ərəbistanı qarşılıqlı müdafiə paktı imzaladı

Pakistan və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə strateji tarazlığı gücləndirəcək tarixi müdafiə ittifaqına imza atıblar.
Təhlil.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata əsasən, Ər-Riyadda imzalanan müqavilə istənilən təcavüzə qarşı birgə cavab verməyi, hərbi əməliyyatların koordinasiyalı planlaşdırılmasını və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Razılaşma Pakistanın nüvə potensialı da daxil olmaqla bütün hərbi imkanlarını əhatə edir.
Mərasim Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutub. İmzalanmadan sonra tərəflər əl sıxaraq qucaqlaşıblar. Tədbirdə Pakistan ordusunun komandanı feldmarşal Asim Munir də iştirak edib.
Ekspertlərin fikrincə, bu alyans regional təhlükəsizliyə mühüm təsir göstərə və Fars körfəzi dövlətlərinin strateji hesablamalarını dəyişə bilər. Müqaviləyə əsasən, tərəflərdən birinə qarşı hər hansı hücum hər ikisinə qarşı təcavüz sayılacaq. Bu isə o deməkdir ki, Pakistan lazım gələrsə, Səudiyyə Ərəbistanına nüvə silahı da daxil olmaqla bütün hərbi dəstəyi verəcək.
Saziş, Körfəz ölkələrində ABŞ-nin ənənəvi təhlükəsizlik qarantı kimi roluna dair artan şübhələrin fonunda qəbul olunub.