Bu gün

Ekspert: “Ermənistan qonşularına iddia irəli sürməsə, özü də təhlükəsizlikdə yaşayacaq" - RƏY

“Ermənistanın təhlükəsizliyi onun qonşularına qarşı dostluq münasibətindən, onlara ərazi iddialarının olmamasından keçir”. 

Bu fikirləri təhlil.az saytına Azərbaycanın Moldova və Gürcüstandakı keçmiş səfiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev açıqlamasında deyib. 

Professor qeyd edib ki, Ermənistanın təhlükəsizliyi onun heç bir qonşusuna təhdid yaratmamasında ifadə olunur:

“Bu gün Ermənistana heç kim hədə qorxu gəlmir və indiyədək də gəlməyib. Ermənistan 30 il ərzində Azərbaycanın ərazilərini işğal altında saxladı və orada törətdiklərini hamımız yaxşı bilirik”.

Onun sözlərinə görə, Ermənistan təkcə Azərbaycana deyil, həm də Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları irəli sürüb:

“Xüsusilə Tbilisiyə qarşı addımlar atılıb ki, bu da Gürcüstanın təhlükəsizliyinə təhdid yaradıb. Türkiyəyə qarşı açıq şəkildə addım atmağa cəsarət etməyiblər, çünki qorxurdular. Amma Gürcüstana qarşı həm niyyət, həm də konkret hərəkətlər olub. Elə ərazilər var ki, bu gün Ermənistan sərhədçilərinin nəzarətindədir. Gürcüstanla Ermənistan arasındakı sərhəd hələ də delimitasiya və demarkasiya olunmayıb. İllərlə Ermənistan tərəfi sərhədi tədricən irəli çəkərək, bəzi torpaqları mənimsəyib. Ən diqqətçəkən məqam isə odur ki, bu proses əsasən azərbaycanlıların kompakt yaşadığı bölgələrdə baş verib. Bu fakt hər nə qədər indi az danışılırsa da, kifayət qədər ciddi təhlükədir”.

Namiq Əliyev bildirib ki, hazırda Ermənistan ən təhlükəsiz vəziyyətdədir:

“Çünki o, heç kimə hədə yaratmır. Ordusunu qonşularına qarşı təhlükə mənbəyinə çevirmədiyi müddətcə İrəvan sakit şəkildə yaşaya bilər. Ermənistanın qonşularına nəzər salaq: Türkiyə, Gürcüstan və Azərbaycan beynəlxalq hüququ pozmayan, ərazi iddiaları irəli sürməyən və sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışan dövlətlərdir”.

Professor əlavə edib ki, dördüncü qonşu olan İranla da Ermənistanın münasibətləri kifayət qədər normaldır:

“İran uzun illər Ermənistana dəstək göstərib. Amma Tehrandan da Ermənistana heç bir təhlükə yoxdur. Buna görə də İrəvan özünü rahat hiss edir.”

Ekpsert sonda qeyd edib ki, Ermənistan qonşularının təhlükəsizliyinə təhdid etmədiyi gündən etibarən özü də ən təhlükəsiz vəziyyətə gəlib: 

"Bu məntiq erməni cəmiyyətində də üstünlük təşkil etməlidir. Onlar anlamalıdırlar ki, əgər qonşularına hədə yaratmasalar, özləri də təhlükəsizlik şəraitində yaşayacaqlar”. 

Rasim Babayev 

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?