Kreml İrəvana təzyiqi gücləndirir: ticarətdən sonra turizm də sıradan çıxır - TƏHLİL

Ermənistanla Rusiya arasındakı münasibətlərdə yaranan gərginlik hər gün daha çox hiss edilir. Rəsmi İrəvan Moskvanın təsir rıçaqlarından qurtulmağa çalışsa da, Kreml hər vəchlə erməni dövlətini öz təsir dairəsinə qaytarmağa çalışır. Rusiya baş nazirinin müavini Aleksey Overçukun Şərq İqtisadi Forumu çərçivəsində “Rusiya bu ilin sonuna kimi Ermənistanla ticarət həcminin əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırır” açıqlaması da birbaşa təhdid və hədə kimi qəbul edilir.
Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin azalması artıq 50%-i ötüb. 2025-ci ilin birinci yarısının məlumatına görə, Ermənistanın Rusiya Federasiyası ilə xarici və qarşılıqlı ticarəti 54,8% azalıb. Qeyd etmək lazımdır ki, ixrac təxminən 3 dəfə azalıb. Eyni zamanda, ticarət əhəmiyyətli azalmanın müşahidə olunduğu Ermənistan-Rusiya əməkdaşlığının yeganə sahəsi deyil, bu da gələcəyə pessimist proqnozlar verməyə əsas verir. Turizm sahəsini də xüsusilə vurğulamaq lazımdır. Əvvəllər Rusiyadan Ermənistana turizm axını hər il artdığı halda, nədənsə son iki ildə bu sahədə də geriləmə müşahidə edilir. Rusiya rəsmilərinin də Ermənistana qarşı hədələrini incələrkən, bu sahəyə də diqqət yetirmək yerinə düşər. Maraqlıdır ki, azalma hər dəfə Kreml rəsmilərinin açıqlamalarından sonra daha çox özünü göstərib. Bu ilin birinci yarısında azalma 14,6% olub ki, ötən il isə Ermənistana gələn rusiyalı turistlərin sayı 17,5% azalıb. Burada mənfi tendensiyalar göz qabağındadır və Ermənistana turist axınının təxminən 40%-ni rusiyalı turistlərin təşkil etdiyini nəzərə alsaq, bu sahədə çətin dövrlərin başlamasından danışmaq olar. Bundan əlavə, yaxın vaxtlarda Ermənistana Rusiya turist axınının daha da azalmasına səbəb ola biləcək bir hadisə baş verib. Bu hadisənin ilk baxışdan vəziyyətlə birbaşa əlaqəsi yoxdur. Amma məsələyə diqqətlə baxanda, aydın vəziyyət üzə çıxır.
Sentyabrın 15-dən Çin Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq edib. Rusiya vətəndaşları bu ölkəyə adi xarici pasportla gedə bilərlər. Bu qərar Rusiyadan Çinə turist axınını təxminən 40% artıra bilər. Ötən il Çinə 1,9 milyon rusiyalı səfər edib. Yeni qaydanın qüvvəyə minməsindən sonra daha 760 min rusiyalının digər turizm istiqamətləri əvəzinə Çini seçəcəyi gözlənilir. Qeyd edək ki, ötən il Ermənistan Rusiya vətəndaşları üçün ən populyar 10 turizm istiqaməti arasında 9-cu yerdə olub. İndi isə yaxın gələcəkdə bu reytinqdə hansı yeri tutacağını proqnozlaşdırmaq çətindir. Təbii ki, Ermənistana səfər edə biləcək rusiyalı turistlərin heç də hamısının Çinə gedəcəyini iddia etmək olar. Lakin nəzərə almaq lazımdır ki, rusiyalı turistlərin Ermənistana marağında əsas amillər pasport prosedurlarının sadələşdirilməsi və Avropa ölkələrinə səyahətə qoyulan məhdudiyyətlər olub. İndi Çin ruslar üçün sadələşdirilmiş giriş təklif edir və Ermənistan üçün bu üstünlük öz cəlbediciliyini qismən itirir. Üstəlik Rusiyada artıq Ermənistandakı turizm əleyhinə təbliğata da start veriləcəyini ehtimal etmək olar. Kreml və müəyyən siyasi dairələr erməni hökumətini, xüsusən də Baş naziri ram etmək üçün bütün təzyiq vasitələrinə əl atılacağına işarə ediblər. Bu sıraya Rusiyada Ermənistanla bağlı kuratorun da dəyişdirilməsini misal çəkmək olar. Ticarətlə yanaşı, turizm sahəsinin də təhdid altında olması Ermənistan üçün elə də xoş məsələ deyil.
İstənilən halda rusiyalı turistlərin Ermənistana marağı, iki ölkə arasında ticarət əməkdaşlığı azalır. Ehtimal etmək olar ki, hökumət alternativ variantlar hazırlayır. Baş nazirin dünənki çıxışını da nəzərə alsaq, Ermənistanın ticarət və turizm məsələsində də Azərbaycanla Türkiyəyə ümid etdiyini söyləmək olar.
Hikmət Həsənov