Bu gün

Binəqədi qəzasının əsas səbəbi: “O yol 50 km/saat üçün deyil və maneə çox alçaqdır” - AÇIQLAMA

Bir neçə gün bundan öncə, daha dəqiq desək sentyabrın 6-da Binəqədi ərazisində baş verən dəhşətli yol qəzası hələ də unudulmur. “DAF” markalı yük maşınının “Changan” minik avtomobilinin üzərinə aşması nəticəsində 3 nəfərin həyatını itirməsi hər kəsi sarsıtdı. Lakin faciəvi hadisənin içində qəhrəmanlıq nümunəsi də ortaya çıxdı.

Daha dəqiq desək, qəza zamanı sərnişinlərlə dolu olan 92 nömrəli marşrut avtobusunun sürücüsü, 32 yaşlı Vüsal Məmmədov çevikliyi və soyuqqanlılığı ilə onlarla sərnişinin həyatını xilas etdi. Onun cəmi bir neçə saniyədə verdiyi qərar faciənin daha da böyüməsinin qarşısını aldı.

“Ani qərar verdim və avtobusu geriyə sürdüm”

Bu barədə təhlil.az saytına danışan qəhrəman sürücü Vüsal Məmmədov hadisə anını belə xatırladı: “Təxminən 5 saniyə idi işıqforda dayanmışdım. Birdən yük maşınının sürətlə gəldiyini gördüm. Tez vəziyyəti dəyərləndirdim və avtobusu geriyə sürdüm. Arxada 91 nömrəli marşrut dayanmışdı. Mənim hərəkətimi görəndə o sürücü də tez avtobusunu geri çəkdi. Əks halda, onunla toqquşacaqdıq. 3 saniyə geciksəydim, sərnişinlərə və mənə ciddi xəsarət dəyə bilərdi. Yük maşını dəmirlə dolu idi”.

“O yol 50 km/saat sürətə uyğun deyil”

Qəzanın səbəblərinə gəlincə, V. Məmmədovun fikrincə, qəzanın baş verdiyi körpü yüklü maşınlar üçün olduqca risklidir:

“O yol 50 km/saat sürətə uyğun deyil. Döngə çox sərtdir. Mən kiçik maşınla belə o döngəni 20-30 km/saatla çətinliklə dönürəm. Həmin yolda yüklü maşın üçün 50 km/saat sürət həddinin olması düzgün deyil. Hesab edirəm ki, orada radar olsa, sürücülər daha diqqətli olar. Bir də yol kənarındakı maneə də çox alçaqdır. Hündür maneə təhlükəsizlik baxımından daha uyğundur”.

“Sərnişinlərinizi öz doğmanız kimi düşünün”

Hadisənin qəhrəmanı həmkarlarına məsuliyyətli olmağı tövsiyə edir: “Hər bir sərnişinin yerində sürücünün öz doğması ola bilər. Bir neçə dəqiqə irəli düşmək üçün risk etməyə dəyməz. 3-4 dəqiqə gecikmək problem deyil. Amma məsuliyyətsiz davranış həm sürücünün özünün, həm də sərnişinlərin həyatına təhlükə yaradır”.

Səbahəddin Qurbanov

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?