Çexiya Belarusun Avropadakı casus şəbəkəsini üzə çıxarıb

Çexiya xüsusi xidmət orqanları Belarusun Avropadakı casus şəbəkəsini üzə çıxarıb. Təhlil.az xəbər verir ki, əməliyyat Macarıstan və Rumıniyanın xüsusi xidmət orqanları ilə birgə, “Eurojust” ilə razılaşdırılaraq həyata keçirilib. Şəbəkəyə Belarus DTK-nın agentləri, o cümlədən, Moldovanın SIS kəşfiyyat xidmətinin keçmiş rəis müavini məxfi materialları ötürüblər. Əməliyyat çərçivəsində Çexiya diplomat pərdəsi altında fəaliyyət göstərən Belarus agentini ölkədən çıxarıb və ona ölkəni tərk etmək üçün 72 saat vaxt verib.
Çexiyanın BIS əks-kəşfiyyat xidmətinin rəhbəri Mixal Koudelka qeyd edib ki, Belarus şəbəkəsi Belarus diplomatlarının Şengen zonası üzrə sərbəst hərəkəti sayəsində fəaliyyət göstərə bilib. Bununla bağlı o, Rusiya və Belarus diplomatlarının Avropada hərəkətinə məhdudiyyətlərin sərtləşdirilməsinə çağırıb.
Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyi (DIICOT) öz növbəsində 47 yaşlı şübhəlinin dövlətə xəyanət ittihamı ilə həbs edildiyini bildirib. Şübhəli şəxs əvvəllər Moldova Təhlükəsizlik və Kəşfiyyat Xidmətində (SIS) yüksək vəzifələrdə çalışıb və 2024-cü ildə Belarus DTK-da işləməyə başlayıb. Məlumata görə, o, 2024 və 2025-ci illərdə Budapeştdə Belarus agentləri ilə görüşüb, məxfi məlumatları ötürüb və bunun üçün ödəniş alıb.