Bu gün

Ermənistanın seçki sınağı - Kim necə hazırlaşır? - ŞƏRH

Ermənistanda 2026-cı ilin 7 iyun tarixi növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilər müasir erməni dövlətinin tarixində ən qalmaqallı və gərgin seçki ili kimi yadda qalacaq. Bu seçkilər həm müxalifət, həm də iqtidar üçün ölüm-dirim savaşına çevrilib. Hakim “Vətəndaş müqaviləsi” partiyasının reytinqi bir müddət əvvələ qədər kifayət qədər zəifləsə də, 8 avqust Vaşinqton bəyannaməsindən sonra baş nazir Nikol Paşinyan artıq seçkilərə əminliklə sülh və kommunikasiyaların blokdan çıxarılması platforması ilə gedəcəyinə işarə edib.

Bu səbəbdən də Ermənistanda siyasi mühitdə dəyişikliklər, formalaşmalar, bloklaşmalar müşahidə edilməkdədir. Bununla yanaşı, baş verənlərin müşahidəsi göstərir ki, seçkilərdə “köhnələr”lə yanaşı, yeni siyasi qüvvələr də iştirak edəcək. Amma onların baryeri keçib-keçə bilməyəcəkləri hələlik sual altındadır. Bu gün sosial sorğular sayəsində ilkin etapda nə baş verdiyini, kimin və necə mövqe tutduğunu anlamaq artıq müəyyən dərəcədə mümkündür - sosioloqlar artıq işə başlayıblar.

GALLUP tərəfindən keçirilən sorğunun nəticələri artıq açıqlanıb. Respondentlərə cəmi bir sual verilib: bazar günü seçkilər keçirilsə, hansı siyasi qüvvəyə səs verərdiniz? Sorğu nəticələrinə əsasən, respondentlərin əsas hissəsi hakim partiyanın lehinə səs verib. Belə ki, seçkidə iştirak edənlərin 17.3 faizi hakim “Vətəndaş müqaviləsi”nə səs verəcəklərini bildiriblər. İşin maraqlı tərəfi odur ki, sorğuda iştirak edənlərin 13.4 faizi hələ formalaşma mərhələsində olan Samvel Karapetyanın partiyasına səs verəcəklərini bildiriblər. Sorğu nəticələri müxalif düşərgədə məyusluq yaradıb. Bu günə qədər seçkilərdə qələbə qazanacağına inanan, yenidən hakimiyyətə qayıdacağına ümid edən revanşistlərin deyəsən arzusu ürəyində qalacaq.

Belə ki, sorğu nəticələrinə əsasən, respondentlərin 6.4 faizi “Ermənistan” blokuna, 3.8 faizi “Çiçəklənən Ermənistan” partiyasına, 3.4 faizi isə “Respublika” partiyasına səs verəcəyini bildirib. Növbəti nəticələr isə müxalifət üçün daha biabırçı formadadır: Hazırda həbsdə olan Vardan Qukasyanın partiyası 2.5 faiz, Aram Sarkisyanın “Anrapetutyun” partiyası 1.1 faiz, Daşnaksütyun da 1.1 faiz səs toplayıb. Ehtimal etmək olar ki, hələ qarşıda bir neçə ay var və nəticələrdə dəyişiklik ola bilər. Amma indidən görünən real mənzərə odur ki, əsas mübarizə Nikol Paşinyanla Samvel Karapetyan arasında olacaq.

Eyni zamanda Robert Köçəryan, Qaqik Sarukyan və Serj Sarkisyan da bu mübarizədə aktiv iştirak edəcək. Göstərilən faiz nisbətlərinin qorunub saxlanması və ya dəyişdirilməsi artıq bu qüvvələrin qarşıdakı aylarda ictimaiyyətə hansı təkliflər, hansı kadr və ideyalar təqdim edəcəyindən, uzun müddətdir ki, nə müxalifətə, nə də iqtidara etibar etməyən, seçkiyə bu və ya digər şəkildə gedəcək cəmiyyətə hansı həll yolları təklif edəcəyindən asılıdır.

Karapetyandan başqa digər dörd siyasi fiqurun illərdir ona səs verən loyal elektoratı var. Amma bu nisbətin də dəyişəcəyini indidən ehtimal etmək olar. Bu səbəbdən də növbəti ayların həm iqtidar, həm də müxalifət üçün ciddi sınaq dövrü olacağını söyləmək olar.

Hikmət Həsənov

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?