Tramp: "Ukrayna müharibəsini dayandıracağıq, amma bu, düşündüyümdən çətin oldu"

Birləşmiş Ştatlar Ukraynadakı müharibəni dayandıracaq, baxmayaraq ki, bu, əvvəl düşündüyündən daha çətin görünür.
Təhlil.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı qeyd edib.
O bildirib ki, indiyədək yeddi münaqişəni həll edib, lakin ən asan görünən Rusiya-Ukrayna müharibəsi bir qədər daha mürəkkəb olub:
“Biz bu müharibəni də dayandıracağıq, amma bu, gözlədiyimdən bir qədər çətin oldu”, – deyə o, vurğulayıb.
Tramp əlavə edib ki, Avropa da Ukraynadakı müharibənin bitməsini istəyir və Kiyevin təhlükəsizlik təminatında əsas rolu məhz Avropa oynayacaq.
ABŞ Prezidenti həmçinin xəbərdarlıq edib ki, əgər müharibə dayandırılmasa, “dəhşətli qiymət ödəniləcək”.
Qeyd edək ki, bundan əvvəl Tramp Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlamışdı. O, ABŞ hərbçilərinin Ukraynaya göndərilməyəcəyini açıq şəkildə bəyan etsə də, "The Telegraph" qəzetinin məlumatına görə, Avropa ilə amerikalı özəl hərbi şirkətlərin bölgədə yerləşdirilməsi imkanlarını müzakirə edir.