05 sentyabr
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini bloklaması barədə xəbərləri təkzib edib

Hindistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Dehlinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük üçün müraciətini bloklaması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Təhlil.az xəbər verir ki, rəsmi açıqlamaya görə, Tyanjində keçirilən son sammitdə məsələnin müzakirəsi üçün vaxt məhdudiyyəti səbəbindən qərar qəbul olunmayıb. Nazirlik sözçüsü Randhir Kaysval bildirib ki, üzvlük məsələsi hazırda təşkilat daxilində qrup tərəfindən araşdırılır.
Xatırladaq ki, günün əvvəlində bəzi media qurumları Azərbaycanın ŞƏT-ə qəbulunun guya Rusiya tərəfindən bloklandığını yazmışdı.