Əhməd Əlili: Bu gün Bakının dünyada baş verənlərlə bağlı öz strateji baxışı var - MÜSAHİBƏ

Cənubi Qafqaz müxtəlif geosiyasi sürprizlərin çox tez-tez baş verdiyi regiondur və Azərbaycan bunlara tam hazır olmalıdır.
Bu barədə təhlil.az-a açıqlamasında Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili bildirib.
“Düşünürəm ki, İsraillə İran arasında baş verənlər, Ukrayna ilə Rusiya arasında baş verənlər hər an Cənubi Qafqazdakı geosiyasi vəziyyətə də təsir edə bilər. Yəni bu ölkələrin hər ikisi - İran və Rusiya - dünya düzənini dəyişmək niyyətində olan klubun üzvüdür", - o, vurğulayıb.
Əhməd Əlilinin sözlərinə görə, dünya düzənini fərqli statusda görmək istəyən çoxlu ölkələr var.
“Çinin öz proqramları var, Hindistan, Braziliya və Cənubi Afrikanın bu mövzuda öz proqramları var. Lakin onların heç biri öz məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə etmək istəməz. Amma Rusiya və İran buna görə fərqlənirlər ki, onlar bunu etmək üçün hərbi gücdən istifadə etməyə hazırdırlar. Azərbaycan isə dünyada yeganə ölkədir ki, bu dövlətlərin hər ikisi ilə - İran və Rusiya ilə həmsərhəddir", - ekpert qeyd edib.
Bu mənada politoloq vurğulayıb ki, Bakı istənilən vəziyyətə hazır olmalıdır.
“Azərbaycan da hazırlaşır. Pakistandan külli miqdarda döyüş təyyarəsi alır. Bakı özü üçün Türkiyə, Pakistan və İsrailin daxil olduğu bir ittifaq yaradıb. Bu, Azərbaycanın ən mühüm diplomatik uğurudur. Yəni, Bakının bu gün dünyada baş verən proseslərin necə inkişaf edəcəyi ilə bağlı xüsusi strateji baxışı var. Və buna görə də Prezident İlham Əliyev xəbərdarlıq edir ki, Azərbaycanla Ermənistan arasında razılaşdırılmış sülh müqaviləsi layihəsinin olmasına baxmayaraq, Bakı heç də arxayınlaşmamalıdır", - Əlili deyib.
Rasim Babayev