İranın Ermənistan dilemması - Münasibətlər korlanır? - ŞƏRH

Avqustun 8-də ABŞ-də imzalanan Vaşinqton bəyannaməsi Ermənistan-İran münasibətlərində müəyyən gərginliyə səbəb olub. Sənəd imzalandıqdan sonra Ermənistan və İran rəsmiləri qarşılıqlı səfərlər edərək, Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı bir-birinin mövqeyini öyrənməyə çalışır. Tehranda İrəvanın bu sənədi imzalaması xoş qarşılanmayıb. SEPAH və ali ruhani liderin müşavirləri sərt mövqe tutaraq, geosiyasi təhlükədən dəm vurur, dəhlizi güc yolu ilə ləğv etməkdən danışırlar. Prezident Məsud Pezeşkian kabineti isə Ermənistanla danışıqlar aparmaq, dəhlizdə ABŞ hərbçilərinin nəzarət mexanizminin olmamasına nail olmaq niyyətindədir.
13 avqust tarixində Ermənistan XİN başçısının müavini Vahan Kostanyan Tehrana səfər edib. 19 avqustda isə İran prezidenti İrəvanda olub və əməkdaşlıq məsələlərini müzakirə edib. Pezeşkian administrasiyası Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir. Paşinyanın da qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin açılması İranın da marağındadır və iqtisadi divident gətirə bilər. Məsələn, bu yol vasitəsilə İran-Rusiya dəmir yolu xətti işə düşə bilər. Eyni zamanda İran da bu yola qoşularaq, logistik imkanlardan faydalana bilər.
Maraqlıdır ki, 12 günlük müharibədən sonra İranın daxilində klanlararası müharibə başlayıb. Bu savaş Tehranın Zəngəzur dəhlizi məsələsində ritorikasına da ciddi təsir edir. İslahatçılar qanadı Zəngəzur dəhlizinə qarşı normal yanaşaraq, iqtisadi layihələri sürətləndirmək, ermənistanla sərhəddə yeni infrastrukturlar inşa etmək istəyirlər. Amma Pezeşkianın səfərdən sonra verdiyi açıqlama göstərir ki, İrəvandan əliboş qayıdır. İran prezidenti bildirib ki, sərhəd yaxınlığında üçüncü qüvvələrin olması ilə bağlı Tehranın narahatlığı həll edilməlidir. Bu isə o deməkdir ki, bağlı qapılar arxasında keçirilən görüş İranı məmnun etməyib. İslam Respublikası verilən açıqlamalara, gətirilən faktlara baxmayaraq, hələ də Zəngəzur dəhlizinə və Vaşinqton Bəyannaməsinə təhdid kimi yanaşır. İrəvanda müxtəlif sahələri əhatə edən imzalanmış onlarla sənəd isə sadəcə texniki xarakter daşıyır. Artıq Ermənistan-İran münasibətlərində etimadsızlıq dalğası hökm sürür. Bu, Baş nazir Nikol Paşinyanın Vaşinqton Bəyannaməsini imzalaması, regionun nəqliyyat kommunikasiyalarını açmağa başlaması ilə ortaya çıxıb. Görünür, SEPAH və radikallar üçün İrəvanın təcriddə qalması daha faydalıdır və hazırda xarici siyasət vektorunda edilən dəyişikliklər onların müəyyən planlarını suya salır.
Hikmət Həsənov