Azərbaycanın səfiri etimadnaməsini Dominikan Prezidentinə təqdim edib

Avqustun 20-də Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Luis Abinaderə təqdim edib.
Təhlil.az bu barədə Azərbaycanın Dominikandakı səfirliyinin məlumatına istinadla xəbər verir.
Bildirilib ki, Dominikan Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb. Dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirən Dominikan Prezidenti öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.