Bu gün

Pezeşkianın İrəvan səfərinin pərdəarxası - ŞƏRH

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfər edib. Vaşinqton Bəyannaməsinin imzalanmasından 10 gün sonra İran prezidentinin İrəvana səfəri bir sıra mətləblərdən xəbər verir. Pezeşkian uçuşdan əvvəl bildirib ki, səfərin əsas məqsədi “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı müzakirədir. Eyni zamanda Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı nəzərdən keçiriləcək. Səfər zamanı Pezeşkian bir sıra görüşlər keçirib, Nikol Paşinyanla bəzi sahələrə aid əməkdaşlıq sənədləri imzalanıb.

İran tərəfi hər nə qədər də səfərin əsas məqsədini əməkdaşlığı gücləndirmək, ticarət və sənaye sahələrində razılaşmaları imzalamaq, biznes forumunda iştirakla əlaqələndirsə də, medalyonun digər üzü də var. Vaşinqton Bəyannaməsindən sonra Pezeşkianın İrəvan səfəri kəşfiyyat xarakterlidir. Ermənistan üçün İran blokadadan çıxış qapısı, İran üçün isə Ermənistan Qərb sanksiyalarına qarşı alternativ tərəfdaş olub. Bu tendensiya uzun müddət davam edib. Hazırda Cənubi Qafqazda yeni reallıqlar ortaya çıxır və Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşma Tehranda bir sıra rəsmilərin yuxusuna haram qatıb. Bu səbəbdən də əminliklə söyləmək olar ki, Pezeşkianın əsas məqsədi Tramp, Paşinyan və Əliyevin Vaşinqton görüşünün nəticəsi olan Zəngəzur dəhlizinin tikintisinə dair Paşinyanla bağlı qapılar arxasında görüş keçirməkdir.

Ehtimal etmək olar ki, üç məsələ rəsmi Tehranı narahat edir. Bunlardan təbii ki, birincisi Zəngəzur dəhlizinin işə düşməsidir. İran uzun müddət bu dəhlizin əleyhinə çıxaraq, özünün qırmızı xətti elan edib. İslam Respublikasının rəsmiləri hər dəfə dəhlizin işə düşməsini regionda sərhədlərin dəyişməsi ilə əlaqələndirmək saxtalığı arxasında gizlənərək, əslində Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının əleyhinə çıxış ediblər. Çünki Azərbaycan və Türkiyə ilə əlaqələrini normallaşdıran Ermənistan üçün İran artıq maraqsız ölkəyə çevriləcək.

Bundan əlavə, Rusiyanın da layihəyə rəsmi olaraq müsbət yanaşması Tehranı narahat edən məqamlardandır. Eyni zamanda, yolun tikintisi məsələsi də İranda narahatlıqla qarşılanır. Tehranda tikintidə və nəzarətdə amerikalıların iştirakı arzuolunmazdır. Bu isə baş verən hadisələrə qısa nəzər salanda anlaşılmazlıq yaradır. Məsələn, Ermənistanda amerikalı hərbçilərlə erməni hərbçilərin “Eagle Partner” təlimləri çərçivəsində İran sərhədində dəfələrlə görünməsi Tehranı narahat etmir. Bir neçə ildir Avropa İttifaqının müşahidə missiyasının sərhəd boyu patrul xidməti aparması da İranı nədənsə narahat etmir. Müşahidə missiyasının rəhbərinin kəşfiyyatçı olması, missiyanın əsas məqsədinin kəşfiyyat materiallarının toplanması ilə bağlı dəfələrlə məlumatlar yayılsa da, daşdan səs çıxıb, İrandan yox. Azərbaycan dəfələrlə bu məsələ ilə bağlı kəskin bəyanat səsləndirib. Hətta Rusiya XİN də bu məsələyə münasibət bildirib. Amma İran susub. Deməli, İranı narahat edən əsas məsələ sərhəddə xarici qüvvələrin olması yox, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasıdır. Bu səbəbdən də Pezeşkianın İrəvana səfəri kəşfiyyat xarakterlidir. Amma maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Pezeşkianla görüşdən əvvəl xalqa müraciət edərək, Vaşinqton Bəyannaməsi barədə geniş açıqlama verib. Əslində Paşinyanın müraciəti həm yerli auditoriyaya, həm də xarici qüvvələrə bir mesaj idi.

Hikmət Həsənov

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?