18 avqust

İran Prezidentinin Ermənistana səfəri - Zəngəzur dəhlizi kimi narahat edir?

Avqust ayının 18-i İran prezidenti Məsud Pezeşkian Ermənistanın paytaxtı İrəvana səfər edəcək. İran rəhbəri 19 avqust tarixində İran-Ermənistan biznes-forumunda iştirak edəcək. Erməni mediasının məlumatına görə, səfər 21 avqusta qədər davam edəcək və bundan sonra Pezeşkian Belarusa istiqamət götürəcək. Rəsmi məlumata görə, İran Prezidentinin səfərinin məqsədi Ermənistanla ikitərəfli münasibətləri möhkəmləndirmək, bir sıra sənədlər imzalamaqdır. Amma görünən odur ki, Pezeşkianı İrəvana tələsdirən əsas məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. 8 avqust tarixində imzalanan Vaşinqton bəyannaməsindən sonra baş nazir Nikol Paşinyan Pezeşkiana zəng edib, onlar ABŞ-də əldə edilən razılaşmaları müzakirə ediblər. Erməni baş nazir bildirib ki, regional kommunikasiyalar tezliklə açılacaq və bu, bütün region ölkələrinin marağındadır. Bununla belə, İranda mühafizəkar dairələr tərəfindən Zəngəzur dəhlizi ilə bağlı mövqe dəyişməz olaraq qalıb. Pezeşkian və ona yaxın çevrələr isə, bu məsələdə başqa mövqe sərgiləyir. Maraqlıdır ki, Zəngəzur dəhlizi ilə bağlı İranda iki fikir formalaşıb. 8 avqust razılaşmasından sonra cənab Pezeşkian bəyan etdi ki, İran Zəngəzur dəhlizinin reallaşmasını region dövlətlərinin ərazi bütövlüyünün pozulmadığı təqdirdə dəstəkləyir. Ölkəsindəki radikalların hay-küyünə rəğmən Məsud bəy təmkinini pozmadan bildirdi ki, bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb. Amma İranın Ticarət Palatasının Nəqliyyat, Tranzit və Logistika Komissiyasının rəhbəri Rza Rüstəmi bildirib ki, Zəngəzur dəhlizi İranın tranzit mövqeyini zəiflədəcək. Eyni zamanda iddia edilir ki, Avropa ilə İslam Respublikasının quru əlaqəsi çətinləşəcək. Rüstəmi hələ açılmayan və fəaliyyət göstərməyən dəhliz barədə anlaşılmaz və məntiqə uyğun olmayan bəyanatında qeyd edib ki, Zəngəzur dəhlizi İranın nəqliyyat xərclərini artıracaq, məhsulların maya dəyərini isə 12-15 faiz bahalaşdıracaq.

Təbii ki, radikal qanadı təmsil edən və Ermənistanı öz təsirindəı saxlamağa çalışan İran rəsmisinin bu açıqlaması absurddur. Çünki Zəngəzur dəhlizinin açılması İrana dünyaya çıxış üçün əlavə imkan yaradır. Paralel olaraq, Araz dəhlizinin də işə düşməsi İranın iqtisadi maraqlarını və tranzit imkanlarını daha da genişləndirəcək. Təbii ki, bu reallığı Tehranda dərk edənlər çoxdur. Elə bu səbəbdən də hazırda İranda Məsud Pezeşkiana qarşı bir cəbhə formalaşır və xüsusən də SEPAH-a yaxın şəxslər prezidenti tənqid edir.

Ehtimal etmək olar ki, Pezeşkian İrəvan səfərindən sonra tam əminliklə Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olmadığına inanacaq. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan da bu yaxınlarda açıqlama verərək, bu yolun İran üçün müsbət faydalarından danışıb. Çox güman ki, İran prezidenti Paşinyanla bu məsələləri bağlı qapılar arxasında müzakirə etdikdən sonra Tehrana əlidolu qayıdacaq, bir sıra səslər kəsiləcək.

Hikmət Həsənov

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?