16 avqust

Tramp və Putin görüşünün nəticələri - ŞƏRH

15 avqust tarixində Alyaskada ABŞ və Rusiya prezidentləri arasında görüş keçirilib. Bu, 2019-cu ildən bu yana Trampla Putin arasında ilk görüşdür. Dünya ictimaiyyəti görüşün əsas mövzusunun Ukraynadakı müharibənin nizamlanması olacağını gözləyirdi. İki ölkə başçısının məhdud tərkibli görüşü 2 saat 45 dəqiqə davam edib.

Görüşdən sonra keçirilən mətbuat konfransı cəmi 8 dəqiqə davam edib və jurnalistlərin sual vermək imkanı olmayıb. Həm Putin, həm də Tramp görüşün nəticələrini kifayət qədər müsbət xarakterizə edib. Amerika liderinin sözlərinə görə, sammit bir sıra maddələr üzrə razılığa gəlməyə və böyük irəliləyiş əldə etməyə imkan verib. Amma Ukrayna ilə bağlı razılaşma yoxdur. Ehtimal etmək olar ki, Tramp görüşün nəticələrini Zelenski və Avropadakı müttəfiqləri ilə müzakirə edəcək. Eyni zamanda Tramp-Putin-Zelenski üçtərəfli görüşünün keçirilməsi də nəzərdə tutulub.

Bu görüşü tərəflərin bir-birini yoxlama “məşqi” kimi də dəyərləndirmək olar. Sammitin nəticələrinə əsasən, Putin və Zelenski arasında görüş baş tuta bilər və müharibəni başa çatdırmağın yolları müzakirə edilə bilər.

Trampın açıqlamalarından da anlaşılır ki, artıq top Ukrayna tərəfindədir. ABŞ lideri qeyd edib ki, artıq müharibəni başa çatdırmaq Zelenskidən asılıdır. Bundan əlavə, Tramp yaxın 2-3 həftə ərzində Rusiyaya qarşı sanksiyalar barədə düşünməyəcəyini də vurğulayıb. Bu isə görüşün konstruktiv mühitdə keçdiyinə işarə edir.

Ümumiyyətlə, ABŞ və Rusiya liderlərinin bəyanatları deməyə əsas verir ki, tərəflər bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər. Bununla belə, çox şey Kiyevin və hazırda danışıqlar aparmaq və bütün tərəflərin maraqlarını nəzərə alan sülh yolu ilə nizamlanmaya doğru irəliləmək istəyi nümayiş etdirməyən Avropa liderlərinin mövqeyindən asılıdır. Təbii ki, ABŞ-nin hərbi və maliyyə dəstəyi olmadan Kiyevin və onun müttəfiqlərinin döyüşçü şövqü uzun sürməyəcək. Əgər bugünkü sammitdən sonra həqiqətən də Moskva və Vaşinqton mövqelərini bir-birinə yaxınlaşdırıblarsa, bu, münaqişə tərəflərini dinc nizamlanmaya əhəmiyyətli dərəcədə yaxınlaşdıra bilər. Trampın yaxın vaxtlarda Putinlə görüşə ümid etdiyini söyləməsi liderlərin təmasları davam etdirmək niyyətində olduğunu göstərir. Kreml də dialoqun davam edəcəyini gözləyir.

Hikmət Həsənov

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?