Ermənistan Zəngəzur dəhlizinə yaşıl işıq yandırır?

Uzun müddətdir Azərbaycanla Ermənistan arasında regiondakı kommunikasya xətlərinin blokdan çıxarılması, yolların açılması məsələsi müzakirə edilir. Amma Paşinyan hökuməti bu gün dediyini sabah təkzib edir, gah yolların açılmasından danışır, gah da belə bir şeyin mümkünsüzlüyünü müdafiə edir. Qısacası, erməni hökuməti gah nala vurur, gah da mıxa. Bu isə hakimiyyətin düzgün qərar verə bilməməsi, eləcə də qərarlarında müstəqil olmaması, regiondakı geosiyasi reallıqlardan nəticə çıxarmaması ilə izah edilir.
Son günlər isə Paşinyan hökuməti daxilində qeyri-müəyyən vəziyyət hökm sürür. Baş nazirin məzuniyyətə çıxaraq gözdən yayınması hakim partiyada çaxnaşma yaradıb. Maraqlıdır ki, heç bir paylaşım etməyən Nikol eyni zamanda kilsə prosesləri ilə bağlı planlarına da aydınlıq gətirmir. O, konkret addımlara nə vaxt başlayacağını da bildirmir.
Uzun müddət kabinetindən çıxmayan prezident Vaan Xaçaturyan isə Sünikin müxtəlif kəndlərini gəzir, qəribə açıqlamalar verir. Onun bu səfəri hakim partiyada qızğın müzakirələrə səbəb olub. Xaçaturyan kənd sakinləri ilə görüşür, dövlətin maliyyə problemi olmadığını bildirir. Eyni zamanda Gorus şəhərinin meri Aruş Aruşanyanı da tərifləyib.
Ermənistan prezidentinin görüş zamanı verdiyi açıqlamada ən diqqət çəkən məqam Zəngəzur dəhlizi ilə bağlı olub. O, bildirib ki, 43 km-lik yol açılsa, Ermənistanın inkişafı üçün böyük imkanlar olacaq, Sünik isə inkişaf qapısına çevriləcək. Bu isə onu deməyə əsas verir ki, erməni hakimiyyəti artıq reallığı dərk edib. Ermənistanın çətin iqtisadi vəziyyətdən çıxış yolunun regional kommunikasiyaların blokdan çıxarılması olduğunu nəhayət anlayıb. Paşinyan hökuməti dərk edir ki, bu dəhlizi bağlı saxlamaqla ölkənin inkişafının qarşısını alır, Azərbaycanın liderlik etdiyi beynəlxalq layihələrdən kənar qalır. Əksinə, dəhlizin açılması Ermənistanın inkişafına, qonşuluq münasibətlərinin qurulmasına, qarşılıqlı ticarətin başlamasına, dövlətin bir sıra beynəlxalq layihələrə qoşulmasına imkan yaradacaq. Bu, bu günün reallığında Ermənistanın yeganə çıxış yoludur. Bu səbəbdən də yaxın günlərdə, çox güman ki, payız aylarında Ermənistan parlamentinin sessiyalarında bu məsələ ilə bağlı rəsmi açıqlamaların daha da artacağını düşünmək olar.
Hikmət Həsənov