Qazaxıstan Bakı-Tbilisi-Ceyhan Neft Kəməri ilə ixracı 1,7 milyon tona çatdıracaq

2025-ci ildə Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixracı 2024-cü ildəki 1,4 milyon tondan 1,7 milyon tona çatdırmağı planlaşdırır. Təhlil.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov mətbuat konfransında bildirib.
"İxracın artımı 2025-ci ilə planlaşdırılır. Əgər ötən il bu istiqamətdə təxminən 1,4 milyon ton nəql etmişiksə, 2025-ci ildə təxminən 1,7 milyon ton nəql etməyi planlaşdırırıq", - Akkenjenov bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin ilk altı ayında Qazaxıstan bu marşrutla 800 min ton neft nəql edib.
Bundan əvvəl Qazaxıstan prezidentinin mətbuat xidməti bildirmişdi ki, Qazaxıstan və Türkiyə liderləri Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan iyulun 29-da Ankarada keçirilən görüşdə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixracın artırılmasını müzakirə ediblər.