Təbrizdə 75 günlük su ehtiyatı qalıb

İranda su böhranı getdikcə daha da dərinləşir. Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində içməli su istehlakı təhlükəli həddə çatıb.
Təhlil.az xəbər verir ki, əyalətin Regional Su Şirkətinin rəhbəri Yusif Qafarzadənin sözlərinə görə, şəhərin cəmi 75 günlük su ehtiyatı qalıb.
O, vəziyyəti “qırmızı xətt” kimi qiymətləndirib.
Rəsmi məlumatlara əsasən, bölgədə içməli suyun orta istehlakı saniyədə 12 min litr, pik saatlarda isə 13 min litri keçir. İllik içməli su istifadəsi 380 milyon kubmetr, kənd yerlərində isə əlavə olaraq 90 milyon kubmetr təşkil edir. Bu isə həm su mənbələrinə, həm də idarəetmə sisteminə ciddi təzyiq yaradır.
Y. Qafarzadə bildirib ki, əyalətin beş şəhəri artıq rəsmi olaraq qırmızı statusa, yəni böhranlı vəziyyətə düşüb. Daha doqquz şəhər isə bu həddə yaxınlaşır. Təbriz də həmin kritik siyahıda yer alır.
Mütəxəssislər təcili su qənaətinə keçilməsinin və alternativ mənbələrin aktivləşdirilməsinin zəruriliyini vurğulayırlar. Əks halda, Şərqi Azərbaycanda sosial və humanitar fəsadların qaçılmaz ola biləcəyi bildirilir.