Litva miqrasiya siyasətini dəyişdirir

"Lakin təəssüf ki, etiraf etməliyik ki, bəzi ölkələrdən olan miqrantlar radikalizasiyaya meyllidirlər. Bəlkə də miqrasiya siyasətimizi yenidən gözdən keçirməliyik və daha yaxın mədəniyyətə sahib ölkələrdən ixtisaslı işçi qüvvəsi axtarmağa fokuslanmalıyıq".
Təhlil.az xəbər verir ki, bunu Litvanın baş naziri Gintautas Paluckas prezident sarayında jurnalistlərlə söhbətində bildirib.
Onun sözləri, Litvanın Təhlükəsizlik Xidmətinin rəhbəri Darius Yaunişkisinin, bazar günü mətbuata verdiyi açıqlamadan sonra gəldi. O, Litvanın terrorçu qruplaşmalarla əlaqəsi olan və potensial radikalizasiyaya meylli olan təxminən on nəfər Mərkəzi Asiya vətəndaşının ölkəyə daxil olmasını qadağan etdiyini bildirmişdi.
Paluckas vurğulayıb ki, gələcəkdə ölkənin miqrasiya siyasəti mədəni yaxınlığa uyğunluğunu artırmaq məqsədilə yenidən gözdən keçiriləcək.
Qeyd edək ki, son illərdə Litvaya Mərkəzi Asiya ölkələrindən miqrantların sayı artıb.