Dünən

Vaşinqton geri çəkilir, Moskva "irəliləyiş" görür

Ukraynada “münaqişənin nizamlanması” məsələsi “asan mövzu deyil”, Rusiya tərəfi öz maraqlarının təmininə çalışır və dialoqa açıqdır.

Təhlil.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın bu həftə atəşkəsə dair cavab gözləməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı əlaqələr kifayət qədər çətin gedir, çünki bu mövzu sadə deyil. Rusiya münaqişənin həllinə və öz maraqlarının qorunmasına çalışır, həmçinin dialoqa açıqdır”, – deyə Peskov qeyd edib.

Kreml nümayəndəsi əlavə edib ki, Rusiya tərəfi dialoqu davam etdirir.

Dmitri Peskovun sözlərinə görə, Rusiya hakimiyyəti Ukrayna üzrə danışıqlarda müəyyən irəliləyişin əldə olunduğunu hesab edir. Bu irəliləyiş enerji infrastrukturuna zərbələrə qoyulmuş müvəqqəti moratoriumla bağlıdır. Peskov bu fikirləri ABŞ-ın dövlət katibi Marko Rubionun bəyanatına münasibət bildirərkən səsləndirib. Rubio Vaşinqtonun Ukraynada atəşkəslə bağlı səylərini dayandıra biləcəyini istisna etməmişdi.

“Bu sual Vaşinqtona ünvanlanmalıdır. Biz hesab edirik ki, artıq müəyyən irəliləyiş var – bu, Rusiyanın enerji infrastrukturuna zərbələr endirməməsi ilə bağlı tətbiq etdiyi müvəqqəti moratoriumdur. Rusiya bu moratoriyaya əməl edir, amma bunu Ukrayna tərəfi haqqında demək olmaz. Hazırda müəyyən razılaşmalar mövcuddur, lakin hələ çox çətin müzakirələr qarşıdadır”, – deyə Peskov bildirib.

Qeyd edək ki, aprelin 18-də ABŞ Dövlət katibi Marko Rubio mətbuat konfransında bəyan edib ki, danışıqlar sonsuzadək davam edə bilməz. Onun sözlərinə görə, əgər yaxın günlərdə razılaşma əldə etmək üçün real imkanlar yaranmasa, Vaşinqton Rusiya və Ukrayna arasında vasitəçilik cəhdlərindən imtina edə bilər.