17 aprel

Parklanma ərazilərindən istifadə edənlərin nəzərinə: Avtomobilə dəyən ziyanı... - VİDEO

Bəzi hallarda avtomobillərin parklanma ərazilərində xoşagəlməz hallarla qarşılaşdığının şahidi oluruq. Bura müxtəlif qəzalar, cızılma halları daxildir. Belə hadisələr sırasına ötən gün "Azparking" xidmətindən istifadə edən bəzi sürücülərin avtomobilinə dəyən ziyanı da əlavə etmək olar. Belə ki, hava şəraiti ilə əlaqədar ötəön gün Həsən Əliyev küçəsində binanın fasadından qopan hissə avtomobilin üzərinə düşüb və yararsız hala salıb. Bəs bu kimi hallarda sürücülərə dəyən ziyanı kim qarşılamalıdır? "Azparking"in üzərinə hansısa məsuliyyət düşürmü? Sürücülər nə etməlidir? suallara cavab tapmaq üçün təhlil.az saytı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxlayıb.

Parklanma məntəqəsindəki neqativ hala görə AYNA məsuliyyət daşımır

O bildirib ki, parklanma məntəqəsində avtomobillə bağlı hər hansı bir neqativ hala görə AYNA məsuliyyət daşımır: “Üçüncü şəxslərin sağlamlığına və ya əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün isə avtomobil sığortası nəzərdə tutulub. Vətəndaşlar qarşılaşdıqları digər neqativ hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.

T. Orucov qeyd edib ki, parklanma məntəqəsində avtomobili park edən sürücülər ödənişi mühafizəyə görə deyil, parklanma yerinin istifadəsinə görə edirlər.

Avtomobillə dəyən ziyanı kasko sığorta qarşılamalıdır

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə qeyd edib ki, parklanma məntəqəsində avtomobillə dəyən ziyanı sığorta şirkəti – kasko sığorta qarşılamalıdır.

Onun sözlərinə görə, əgər avtomobil kasko sığortası ilə sığortalanmayıbsa vətəndaş hadisə ilə bağlı polisə məlumat verməlidir.

“Hadisə aktlaşdırıldıqdan sonra vətəndaş məhkəmə müstəvisində binanı tikən şirkətdən ona dəyən zərərin ödənilməsini tələb edə bilər. Belə hadisələrə görə parklanma yerinin təşkilatçısı kiməsə pul ödəməli deyil, qanunda belə şey nəzərdə tutulmayıb”, - deyə, ekspert əlavə edib.