17 aprel

Selə düşdülər: Neft şirkəti əməkdaşlarının meyitləri tapıldı

Aprelin 16-da Şabrançayın Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün FHN-yə müraciət daxil olub.

Təhlil.az xəbər verir ki, FHN-yə müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Məlum olub ki, onlar 59 yaşlı Şirvan şəhər sakini Nurməmməd Qəhrəman oğlu Məmmədov və 63 yaşlı Salyan rayon sakini Etibar Hafiz oğlu Nağıyevdir. Onların "Siyəzən Oil" neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.