Rusiya və ABŞ diplomatlarının İstanbul görüşü nə vəd edir?

Rusiya və ABŞ diplomatları bu gün, 10 aprel 2025-ci il tarixində İstanbulda görüşəcəklər. Təhlil.az xəbər verir ki, bu, iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci mərhələsidir.
Görüşdə Rusiya tərəfini Rusiyanın ABŞ-dəkı səfiri Aleksandr Darçiyev, ABŞ tərəfini isə Dövlət Departamentinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçi müavini Sonata Koulter təmsil edəcək.
Müzakirələrin əsas mövzuları arasında iki ölkə arasında birbaşa uçuşların bərpası və 2016-cı ildə ABŞ tərəfindən müsadirə edilmiş diplomatik mülklərin geri qaytarılması məsələləri yer alır. Xüsusilə, Rusiya tərəfi Merilend və Long-Aylenddə yerləşən diplomatik komplekslərin qaytarılmasını tələb edir.
Qeyd edək ki, bu görüş, fevralın 27-də İstanbulda keçirilmiş ilk məsləhətləşmələrin davamıdır və iki ölkə arasında diplomatik münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım hesab olunur.