Bu gün

Tikilmir, sadəcə danışılır: Ermənistanın görünməyən layihələri - MƏQALƏ

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən ölkənin iqtisadiyyatını dirçəldəyəcəyini, regionun güclü dövlətinə çevirəcəyini bəyan etsə də, ötən 7 il ərzində tam əksini sübuta yetirib. Ölkədə işsizlik və yoxsulluq maksimum həddə çatıb, iqtisadi layihələr kağız üzərində qalıb, dövlət borcu hər il durmadan artır, inflyasiya qarşısı alınmaz vəziyyətlə üzləşib. Hökumət üzvləri iqtisadiyyatı dirçəltmək əvəzinə günü-gündən yalan vədlərlə xalqı aldatmağa, “başının altına yastıq qoymağa” davam edirlər.

Məsələn, bir neçə gün əvvəl nəqliyyat və infrastruktur naziri Mxitar Ayrapetyan bəyan edib ki, Ermənistanda süni intellekt fabriki inşa ediləcək və bu, regionun texnoloji xəritəsini kökündən dəyişəcək. Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. İş burasındadır ki, eyni vədi 2018-ci ildə Nikol Paşinyan da verib. Amma ortada nə fabrik var, nə də onun bünövrəsi. Mxitar eyni zamanda deyib ki, 500 milyon sərmayə qoyulacaq zavod 2026-cı ildə tikiləcək. Bu da seçki ərəfəsində yeni manipulyasiyalardan biridir. Əminliklə söyləmək olar ki, bu zavod məsələsi də kağız üzərində qalacaq.

İrəvan meri Tiqran Avinyan da seçki ərəfəsində xalqa yalançı vədlər verməkdə hakimiyyəti dəstəkləyib. O, açıqlamasında bildirib ki, Ajapnyak metro stansiyası tikiləcək. Amma bu dəfə mer dəqiq tarix göstərməyib. Sözügedən metro stansiyası ilə bağlı vəd hələ 2018-ci il 18 sentyabr tarixində, İrəvan merliyinə namizəd Hayk Marutyan tərəfindən də səsləndirilib. 2019-cu ilin yanvar ayında İrəvanın baş memarı Artur Meşçyan 2 yeni metro stansiyasının tikiləcəyini bildirib. 2022-ci ilin 13 dekabrında baş nazir bəyan edib ki, 2024-cü ildə Ajapnyak stansiyasının tikintisinə başlanılacaq. Aradan il yarım vaxt ötsə də, bu vəd də yerinə yetirilməyib.

2019-cu ilin iyul ayında İrəvan meri Tiqran Avinyan bəyan etdi ki, ərəb şirkəti ilə bərpa olunan enerji sahəsində 500 milyon dollarlıq investisiya memorandumu imzalanıb. Amma aradan 6 il ötsə də, nə fal var, nə də yumurta. Bərpaolunan enerji şirkətini və ya onun qurğularını hələ görən olmayıb.

2020-ci ildə rəsmilər bəyan etdilər ki, yaxın illərdə Çin Ermənistana 10-15 milyard dollar sərmayə qoyacaq, “Ağıllı Elm Şəhəri” tikəcək. Yenə də ortada heç nə yoxdur.

2018-ci ilin noyabrında Nikol Paşinyan bəyan etdi ki, Kotayk bölgəsində yeni almaz zavodu işə düşəcək və 2 min nəfər işlə təmin olunacaq. Eyni gündə isə Vanadzorda 150 nəfərin işlə təmin ediləcəyi silindr zavodunu da vəd edib. Hələ bu da azmış kimi, elə sözügedən ilin noyabr ayında 2 traktor zavodunun açılacağını, il ərzində bu zavodların 5000 traktor istehsal edəcəyini bildirib. Yenə də ortada nə bir zavod, nə də traktor var.

2018-ci ilin dekabr ayında lenti kəsilən avadanlıq zavodundan da xəbər yoxdur.

2023-cü ilin dekabrında Ermənistanın ilk yerli peyki kosmosa buraxıldı və çoxlu qalmaqala səbəb oldu. Məlum olub ki, peyklə bağlı korrupsiya xarakterli cinayət işləri var.

Qarşıdan seçki ili gəlir. Çox güman ki, baş nazir bu ərəfələrdə yeni zavod və fabriklərin, meqa layihələrin icra olunacağını vəd edəcək. Amma indidən söyləmək olar ki, bu sözlər də havada qalacaq, verilən vədlər yerinə yetirilməyəcək.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?