Bu gün

Paşinyanın Ankaraya səfərinin pərdəarxası - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib. Bu barədə məlumat bir neçə gün əvvəl səsləndirilmişdi və bu xəbər erməni cəmiyyətində müəyyən çalxalanmalara səbəb olmuşdu. Ənənəvi olaraq, müxalifət Paşinyanın Türkiyəyə səfərini pisləyərək, bunu təslimçilik kimi qiymətləndirib. Hakim partiya isə regionda baş verən proseslər fonunda bu səfəri tarixi səfər adlandırıb. Çünki bu, Ermənistan rəhbərliyinin Türkiyəyə ilk işgüzar səfəridir. Ermənistan parlamentinin sədri Alen Simonyan hətta bu səfərin ikitərəfli olacağını bildirib. Ehtimal etmək olar ki, danışıqların nəticəsindən asılı olaraq, rəsmi İrəvan Rəcəb Tayyip Ərdoğanın da Ermənistana səfərinə ümid edir.

İran-İsrail münaqişəsi fonunda Paşinyan üçün bu səfərin ciddi əhəmiyəti olduğunu söyləmək olar. Ehtimal etmək olar ki, nəticəsindən asılı olmayaraq, İran bu münaqişədən zəifləmiş çıxacaq. İrana arxalanan və ondan dayaq kimi istifadə edən erməni hökumətinin dayağının zəifləməsi onun üçün acı nəticələrə səbəb ola bilər. Eyni zamanda son günlər İranla sərhəddə erməni yük maşınlarının yığılıb qalması da Ermənistanın iqtisadiyyatına ciddi təsir göstərir. Bir müddət əvvəl Gürcüstanda da analoji problem yaşayan erməni dövləti artıq dərk edib ki, regionda mövcudluq və stabillik, iqtisadi inkişaf üçün məhz Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır.

Bununla yanaşı, Paşinyanın Ankaraya səfəri Ermənistan-Türkiyə münasibətlərində normallaşma prosesində yeni mərhələnin başlanğıcı sayıla bilər. Uzun müddətdir rəsmi Ankara Azərbaycanla sülh müqaviləsinin imzalanmasını bu normallaşma üçün şərt kimi irəli sürüb. Hətta erməni tərəfinin dəfələrlə Marqara keçid məntəqəsini açmağa hazır olması da Türkiyə tərəfinin şərtindən dönmədiyini göstərir. Bu səbəbdən də ehtimal etmək olar ki, danışıqların əsas mövzusu Azərbaycan-Ermənistan sülh prosesi, sərhədlərin açılması və iqtisadi əməkdaşlıq məsələləri olacaq. İranın zəifləməsi, Rusiya ilə münasibətlərin getdikcə kəskinləşməsi fonunda belə bir danışıq rəsmi İrəvana hava və su kimi lazımdır. Rusiya ilə ötən il ticarət dövriyyəsində 2 milyardlıq azalma müşahidə edilib. Proqnozlara görə, cari ildə bu azalma 6 milyard dollara çatacaq. Bundan əlavə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması da Moskvada xoş qarşılanmır. Bu səbəbdən Rusiya biznesi yaxın vaxtlarda yavaş-yavaş Ermənistanı tərk edəcək. Belə bir vəziyyətin yaranması Ermənistanın iqtisadiyyatı üçün kollapsla nəticələnə bilər. Buna görə də Ankara səfəri Paşinyan üçün çox vacibdir. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, sərhədləri açmaq, logistika marşrutlarının blokdan çıxarılması Ermənistanın iqtisadiyyatına ciddi töhfə verə bilər.

Ehtimal etmək olar ki, bu səfərdən sonra Ermənistan konstitusiya dəyişikliklərinə gedərək, Azərbaycanın haqlı tələbini yerinə yetirəcək. Zəngəzur dəhlizi ilə bağlı süni manipulyasiya və vaxt uzatmaq məsələsi kökündən həll ediləcək. Sülh müqaviləsi ilə bağlı konkret addımlar atılacaq. Bu isə Cənubi Qafqaza sülh və stabilliklə yanaşı, iqtisadi inkişaf da gətirəcək.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?