Bu gün

ABŞ, Rusiya, Çin üçbucağında razılaşma İran-İsrail müharibəsində atəşkəsə nail ola bilər - ŞƏRH

İyunun 13-dən İsrail və İran arasında başlayan hərbi qarşıdurma dünən gecə saatlarında da davam edib. Tərəflər bir-birinin hərbi infrastrukturunu sıradan çıxarmaqla yanaşı, hərbi əməliyyatlara davam edəcəklərini də bildirirlər. Bununla yanaşı, bir müddət dünya mətbuatında ABŞ-nin də bu qarşıdurmada İsrail tərəfindən hərbi toqquşmalara qoşulacağı barədə xəbərlər dolaşmağa başladı. Dünən isə Ağ evin sözçüsü Kerolin Levit ABŞ prezidentinin yaxın iki həftə ərzində İranla müharibə edib-etməmək barədə qərar verəcəyini açıqlayıb.

Bu bəyanata iki prizmadan yanaşmaq lazımdır. Birincisi, hərbi qarşıdurma hələ ən azı yaxın iki həftə ərzində də davam edəcək. İkincisi, bu açıqlama Rusiya və Çin prezidentləri arasında telefon danışığı reallaşan gün səsləndirilib. Təbii ki, Moskva və Pekin İsrail-İran münaqişəsini də müzakirə edib. Tərəflər İsrailin hərəkətlərini qınayıblar və diplomatik həllin vacibliyindən danışıblar.

İki liderin telefon danışığından sonra verilən açıqlamalara əsasən, Putin və Si Cinpin yaxın günlərdə müharibəni dayandırmaq üçün təqdim edəcəkləri diplomatik təklif hazırlamaq barədə razılığa gəliblər.

Təbii ki, bu təklif ilk növbədə ABŞ prezidenti Donald Trampa təqdim ediləcək. Bu açıqlamaların fonunda isə Ağ evin sözçüsü Trampın yaxın iki həftə ərzində qərar verəcəyini açıqlayıb. Bu, açıq şəkildə Trampın öz qərarı üçün son tarix təyin etməsi deməkdir. Yəqin ki, qərarın verilib-verilməyəcəyi Çin və Rusiya tərəfindən hazırlanmış təklifdən asılı olacaq.

Əgər bu təklif nəticəsində ABŞ, Rusiya, Çin üçbucağında hər hansı variantla bağlı stabil razılıq yaransa, şübhəsiz ki, bu üç dövlət atəşkəsə nail olmaq üçün çox yüksək ehtimalı təmin edə bilər. Təbii ki, hazırda Yaxın Şərqdə baş verən proseslər fonunda atəşkəs çox vacibdir. Bu, əlbəttə, təminatlı sülh demək deyil. Amma bununla yanaşı, vəziyyəti daha idarəolunan hala gətirməyə imkan verə bilər. İki ölkə arasında baş verən hərbi toqquşmalarda artıq mülki əhali arasında da ölüm və yaralanma hallarının artması fonunda belə bir atəşkəs regionda bir müddət rahat nəfəs almağa imkan verər. Yəqin ki, artıq rus və çinli diplomatlar işə başlayıblar və Trampa təqdim ediləcək təklif üzərində gərgin iş gedir.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?