Ermənistanda seçkiqabağı gərginlik: Rusiyaya qarşı növbəti addım - ŞƏRH

Ötən gün Ermənistan ictimaiyyəti növbəti qalmaqalla üzləşdi. Məlum olub ki, rusiyalı erməni əsilli iş adamı Samvel Karapetyan Apostol Kilsəsinin müdafiəsi ilə bağlı çıxış edib. Bu açıqlamadan bir neçə saat sonra iş adamına qarşı hökumətin addımlarına start verildi.
Məlum olduğu kimi Karapetyan Kilsəyə külli miqdarda vəsait xərcləyən iş adamlarından biridir. Onun açıqlamasından sonra bir neçə gündür səssizliyə çəkilən baş nazir yenidən aktivləşərək, “Facebook” sosial şəbəkəsində erməni kilsəsinə qarşı yenidən statuslar yazmağa başlayıb. Sonra isə Ermənistan parlamentində “Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin milliləşdirilməsinin vacibliyi barədə fikirlər səsləndirilib. Maraqlıdır ki, bu şirkət Samvel Karapetyana məxsusdur. Paralel olaraq isə güc strukturları iş adamının evində axtarışlara başlayıblar.
Baş nazirin iş adamına qarşı birdən-birə belə hücuma keçməsi əbəs yerə deyil. Birincisi, Ermənistanda seçkiyə bir ildən də az vaxt qalıb. Erməni cəmiyyətində böyük nüfuza malik çox imkanlı iş adamının gözdən salınması hakim partiyanın planlarına uyğundur. Çünki Rusiyayönümlü olan Karapetyan seçkilərdə məhz Moskvaya yaxın şəxsin seçilməsini ciddi şəkildə dəstəkləyə bilər. İkincisi, Kilsəyə birdən-birə belə dəstək göstərilməsi də II Qaregin-Paşinyan qarşıdurmasında nüfuz savaşına dəstək kimi qiymətləndirilir və Karapetyana qarşı hücumlara səbəb olur. Üçüncüsü, Karapetyanın arxasında geosiyasi kapital, maliyyə kapitalı, sosial kapital və təşkilatlanmış kapital dayanır. Bu kapital isə asanlıqla siyasi kapitala transformasiya oluna bilər. Karapetyanın ideoloji təməli də kilsənin müdafiəsi ilə bağlıdır.
Maraqlıdır ki, Karapetyana qarşı hücum dalğasından sonra Rusiyayönümlülər, xüsusən də Robert Köçəryan tərəfdarları media orqanlarında dalbadal açıqlamalar verərək, iş adamının müdafiəsinə qalxıblar. Eçmiədzindən də Karapetyanın müdafiəsilə bağlı sərt bəyanat səsləndirilib.
Eyni zamanda hüquq müdafiəçisi Roman Eritsyan da Qarabağ ermənilərini təşkilatlanmağa, iş adamını müdafiə etməyə çağırıb. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da öz növbəsində açıqlama verərək bildirib ki, rəsmi Moskva Karapetyanla bağlı hadisəni diqqətlə izləyir. Bu da o deməkdir ki, Kreml öz adamına qarşı Ermənistanda başladılan kampaniyanı izləyir və lazım olduğu anda ya müdaxilə edəcək, ya da Paşinyana kiçik qulaqburması verəcək.
Karapetyanın təqibi və həbsi isə həm siyasi, həm də kommersiya məqsədlərini güdür. Hədəfin diqqət mərkəzi “Ermənistan Elektrik Şəbəkəsi” üzərindədir ki, bu da artıq formalaşmış təcrübənin davamı kimi qiymətləndirilməlidir. Onun çərçivəsində “Zəngəzur Mis-Molibden Kombinatı”, “VivaCell-MTS” və “Lidiya Ermənistanı”nın səhmləri artıq dövlət nəzarətinə keçib. Eyni zamanda Samvel Karapetyana qarşı hərəkətlər Erməni Apostol Kilsəsinin bütün nüfuzlu müdafiəçilərini qorxutmaq və susdurmaq məqsədi daşıyır.
Hikmət Həsənov