Pluton niyə belə soyuqdur? Astronomlar cırtdan planetin iqliminin sirrini açır

Fransa, ABŞ və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu Plutonun tədqiqində irəliləyiş əldə edərək, cırtdan planetin həddindən artıq soyuq iqliminin formalaşmasında onun atmosfer dumanının əsas rolunun olduğunu üzə çıxarıb. Təhlil.az xəbər verir ki, “Nature Astronomy” jurnalında dərc edilən araşdırmanın nəticələri Plutonun atmosfer dinamikası haqqında anlayışımızı dəyişdirir. 2015-ci ildə NASA-nın “New Horizons” kosmik gəmisi Plutonun səthdən 300 km yüksəkliyə qədər uzanan mürəkkəb, çoxqatlı dumanla örtüldüyünü aşkar etdi. Duman üzvi hissəciklərdən və karbohidrogen buzlarından ibarətdir. NASA-nın “James Webb” kosmik teleskopunun apardığı yeni müşahidələr dumanın atmosferin soyumasında böyük rol oynadığını təsdiqləyib. Duman gün ərzində günəş istiliyini udur və gecə onu yenidən kosmosa yayaraq atmosferin yuxarı hissəsində -203°C-ə qədər aşağı temperatur yaradır. Bu, əvvəlki təxminlərdən 30°C daha soyuqdur və Plutonu əvvəllər düşünüldüyündən daha soyuq edir.
Hikmət Həsənov